İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sübhaninin Ermənistanın “Civil Net” platformasına verdiyi müsahibə zamanı səsləndirdiyi təxribat xarakterli əsassız fikirləri qətiyyətlə pisləyirik.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadənin İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin səsləndirdiyi qərəzli fikirlərə dair şərhində bildirib.
Onun sözlərinə görə, Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə xələl gətirən bu fikirlər eyni zamanda, iki ölkənin prezidenti arasında doqquz noyabr 2023-cü il tarixində Daşkənddə baş tutmuş görüş zamanı İran Prezidenti tərəfindən səsləndirilən fikirlərlə ziddiyyət təşkil edir. Belə ki, sözügedən görüş zamanı İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünü təmin etdiyini, Qarabağın yenidən Azərbaycana qovuşduğunu sevinclə qeyd edib.
Sözçü vurğulayıb ki, İran Prezidentinin sözləri, habelə son dövrlərdə Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanın fonunda İran səfirinin ərazi bütövlüyümüz və suverenliyimizə qarşı səsləndirdiyi fikirləri təxribat kimi qiymətləndirilir.
İran tərəfindən isə münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısının alınması, habelə səfir tərəfindən səsləndirilmiş fikirlərlə bağlı İran tərəfindən müvafiq addımlar atılacağı gözlənilir.
www.RIA24.az