Azərbaycanın müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.
Zakir Həsənovun səfəri və keçirəcəyi görüşlər Azərbaycanın alternativ silah bazarlarını araşdırması baxımından önəmlidir.
Çünki Azərbaycan strateji müdafiə ehtiyaclarını ən yüksək həddə çatdırmaqdan ötrü ordunun gücləndirilməsi prosesini davam etdirir.
Zakir Həsənovun səfər çərçivəsində İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto ilə müzakirələri ayrıca bir fəsil kimi diqqət çəkir.
İtaliya “Böyük yeddiliyə” daxil olan NATO dövlətidir, onun hərbi imkanları yaxşıdır. İtaliya Avropa İttifaqında Azərbaycana qarşı Ermənistana misilsiz dəstəyə hazır olan Fransanın oyunları önündə alternativ kartdır.
Azərbaycanın bir müddət öncə İtaliyaya 10 ədəd “M-346” döyüş təyyarəsi və 15 hərbi texnika sifariş etməsi barədəki informasiyalar Fransanın regiondakı hərbi aktivlik cəhdlərinə mənalı cavab kimi qiymətlidir.
Zakir Həsənov, yəqin ki, italiyalı həmkarı ilə iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıq xəttini irəlilətmək məqsədlərinin koordinatlarını müzakirə edib.
İtaliya ilə Azərbaycanın müdafiə sahəsindəki əməkdaşlığı, sözsüz ki, Avropa İttifaqı daxilində Fransanın sifarişləri ilə müəyyən narazılıqlar yarada bilər.
Amma Fransa İtaliyanın Azərbaycanla əlaqələrində bərkiyən müdafiə iplərini qırmağa nail ola bilməz. Çünki Bakı ilə Romanın qarşılıqlı ehtiyacları Cənub Qaz Dəhlizinin TAP qolunda konstruktiv formada təmin olunur.
Nəzərdə tutmaq lazımdır ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən böyük ixrac məntəqəsidir.
İki ölkənin münasibətlərində modifikasiya edilmiş əlaqələr Çoxölçülü Strateji Tərəfdaşlıq sənədi ilə tənzimlənir. Görünür ki, son müzakirələr iqtisadi əsasları hərbi-siyasi nöqtələrlə tamamlamaq məqsədlərinə xidmət edir.
Ona görə də Azərbaycan-İtaliya əlaqələrinin dinamikasında izlərin böyüyəcəyi ehtimalları ağlabatan bir variant kimi qəbul edilə bilər.
İtaliyanın dünyanın siyasi düzənindəki “səssiz yeri” onu Rusiya, Qərb və Çin arasındakı rəqabətdə əlverişli nöqtələrə çıxarır. İtaliyanın belə bir səviyyəsi Azərbaycanın beynəlxalq siyasətdəki mövqelərinə müsbət təsir edir.
Azərbaycanla İtaliyanın müdafiə sahəsindəki əməkdaşlığı isə qarşılıqlı müsbət əks-əlaqə dinamikasını gücləndirə biləcək bazaya çevrilir.
Aqşin Kərimov
www.RIA24.az