10 Noyabr Bəyanatının doqquz bəndi var, keçən üç il ərzində onun altı bəndi tamamilə və qismən icra olunub, qalan üç bəndi üzrə isə açıq qalan məsələlər var.
Bəyanatın ilk üç bəndi Qarabağda müharibənin dayandırılmasını ilə sıx bağlıdır, digərləri isə sonrakı dövrlər üçün nəzərdə tutulan tənzimləmə mexanizmidir.
Tənzimləmə mexanizmində Azərbaycanın mütləq formada nail olduqları:
– Bəyanatda Laçın dəhlizi kimi təsbit edilən yola alternativ yolun çəkilməsi. Bununla Azərbaycan Laçın şəhəri, Zabux və Sus kəndlərinə nəzarəti bərpa etdi. Bu prosesdən sonra Laçın dəhlizi ifadəsi aradan qalxdı və o, artıq Laçın yolu adlanır.
– Azərbaycan antiterror tədbirləri ilə həmin region üzrə mütləq məqsədinə çatdı.
Sənədin 4-cü bəndini Azərbaycan hərb gücü ilə təmin edib, Qarabağdan separatçıları çıxarıb və separatizmi məhv edib. Amma həmin bəndin bir cümləsi üzrə məsələ açıq qalır. Söhbət Rusiya sülhməramlı kontingentinin çıxarılması üçün yetişən müddətdən gedir.
Bəyanata əsasən, sülhməramlıların regionda qalma müddəti beş il təsbit edilib, hərçənd, ortaya faktlar əsasında başqa mənzərə çıxır.
Belə ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur regionlarında mütləq suverenliyini bərpa etdikdən Rusiya sülhməramlılarının xidməti əməliyyatı üçün lazım olacaq funksiyalar daralır.
Çünki artıq sülhməramlıların tənzimləyə biləcəyi hərbi insidentlər yoxdur. Rusiya qoşunlarının sülhməramlı kontingentinin fəaliyyət mandatı yalnız formal bir ölçüdə olaraq qalır.
Hər halda reallıq göstərir ki, 4-cü bənd üzrə Azərbaycan böyük bir ölçüdə məsafə qət edib və ortada qismən açıq qalan məsələ mövcudiyyətini saxlayır.
İndi isə 7-ci bəndə diqqət edək. Həmin bənddə yazılır:
“Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”.
Bu prosesi Azərbaycan “Böyük Qayıdış” planı üzrə özü icra edir və artıq məcburi köçkün ailələrinin işğaldan azad edilmiş ərazilərə sürətli bir şəkildə köçürülməsi davam edir. Belə demək mümkündürsə, bu prosesi Azərbaycan özü təkbaşına həyata keçirir.
Gələk regionda qlobal və regional güclərin maraqlarını toqquşduran və birləşdirən Zəngəzur dəhlizi layihəsinə.
10 Noyabr Bəyanatının 9-cu maddəsi Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur, hərçənd ki, Ermənistan təsbit edilən mətni fərqli şəkildə interpretasiya edir və orada dəhlizdən bəhs edilmədiyini bildirir.
Bu dəhliz üzrə tikinti işləri Azərbaycan tərəfindən Horadiz-Ağbənd dəmir yolunu qurmaqla həyata keçirilir, artıq bu ox üzrə xeyli işlər görülüb.
Ancaq Ermənistan tərəfindən heç bir iş görülmür – nə layihələndirmə var, nə də ki bunun icraatını göstərən əlamətlər.
Deməli, Zəngəzur dəhlizinin texniki problemləri ilə bağlı işlər qismən həll edilmiş sayıla bilər.
Geosiyasi şəkilləndirmədə böyük bir ölçüdə Zəngəzur dəhlizi ilə əlaqədar qlobal və regional qüvvələr arasında razılıq əlamətləri sezilir və Azərbaycan bu dəhlizin açılmasını prioritetləri sırasından çıxarmayıb.
Məntiq etibarı ilə, Zəngəzur dəhlizi layihəsi ilə bağlı danışıqlar prosesində işlər görülüb və görüləcək, deməli, bu layihənin siyasi əhəmiyyəti üzrə də mövqelər xeyli dərəcədə yaxınlaşdırılıb.
Aqşin Kərimov
www.RIA24.az