Metyu Brayza: “Zəngəzur dəhlizi Cənubi Qafqazda iqtisadiyyatı və dinamikanı tamamilə dəyişə bilər”

Siyasət


“Zəngəzur dəhlizi Cənubi Qafqazda iqtisadiyyatı və dinamikanı tamamilə dəyişə bilər”.

Bu sözləri Oxu.Az-a Dubayda (BƏƏ) keçirilən “Xəzər həftəsi – 2023” forumunda iştirak edən ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Metyu Brayza deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi region ölkələrinin tranzit imkanlarını artıracaq.

“Bu, təkcə dəhlizlə birləşəcək Azərbaycan və Türkiyə üçün böyük imkan deyil, həm də Naxçıvanın inkişafı üçün vacibdir. Bu, öz iqtisadiyyatını regiona inteqrasiya və reinteqrasiya etməyə ehtiyac duyan Ermənistan üçün də əla şansdır: yəni nəticədə onun Azərbaycan və Türkiyə ilə dəmiryolu, nəqliyyat yolları bərpa olunacaq. Axı Ermənistanın baş naziri Nikol Paşinyan 9 (10) noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatında bunun həyata keçirilməsini öhdəsinə götürüb”, – deyə Metyu Brayza bildirib.

“2021-ci il yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında nəqliyyat və dəmiryolu kommunikasiyalarının açılması məsələləri ilə bağlı növbəti birgə bəyanat imzalanıb. Gördüyümüz kimi, bütün tərəflər bu layihənin həyata keçirilməsini istəyirlər”, – deyə Brayza əlavə edib.

“Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan-Ermənistan sülh müqaviləsi kontekstində biz sərmayə axınının, ticarət dövriyyəsinin və iqtisadi artım tempinin şahidi olacağıq. Həmçinin, yeni iş yerləri açılacaq ki, bu, o cümlədən Ermənistanda da baş verəcək. Beləliklə, sülh nizamlanması üçün uzunmüddətli şərtlər və platforma yaranacaq”, – deyə Metyu Brayza vurğulayıb.

Rufina Abdullayeva

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir