Azərbaycan nümayəndə heyəti OECD-in yüksək səviyyəli iclasında iştirak edib – FOTO

Siyasət


Noyabrın 15-də Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Azərbaycanın iştirakçı statusunda təmsil olunduğu İnkişafa Yardım Komitəsinin (DAC) yüksək səviyyəli iclası keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, tədbirdə ölkəmizi XİN-in nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) təmsil edib.

Tədbirdə ABŞ, Birləşmiş Krallıq, Yaponiya, Almaniya, Koreya Respublikası, İtaliya, Fransa, İsveç, İspaniya və Danimarka kimi DAC üzvü donor ölkələrlə yanaşı, komitədə iştirakçı statusa sahib olan və ya tərəfdaş ölkə hesab olunan Azərbaycan, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Bolqarıstan, Rumıniya və İndoneziya daxil olmaqla, ümumilikdə 50-dən artıq dövlət və 10-a yaxın beynəlxalq qurum iştirak edib.

Tədbirin əsas məqsədi beynəlxalq inkişafa yardım sahəsində əldə olunmuş nəticələrin, gələcək fəaliyyətlə bağlı gündəlikdə duran məsələlərin, eləcə də Komitədə təmsil olunan ölkələr və beynəlxalq qurumlar arasında inkişafa yardımla bağlı mümkün əməkdaşlıq imkanlarının müzakirəsi olub.

AİDA-nın rəisi Elməddin Mehdiyev tədbirdə çıxış edərək, iclas iştirakçılarına yeni donor ölkəsi kimi Azərbaycanın əldə etdiyi uğurlar və beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi həyata keçirdiyi fəal beynəlxalq yardım siyasəti barədə məlumat verib. Azərbaycanın COVID-19 pandemiyasına qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələr, Qoşulmama Hərəkatına sədrliyimiz çərçivəsində həyata keçirilmiş mühüm inkişafa yardım təşəbbüsləri, o cümlədən xarici tələbələr üçün təsis olunmuş beynəlxalq təhsil qrantı proqramları, ikitərəfli və çoxtərəfli əsasda göstərilmiş yardımlar, cari ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş Afrika ölkələri və İnkişaf etməkdən olan kiçik ada dövlətlərinə postpandemiya dövründə dəstək verilməsi ilə bağlı Qlobal Çağırışlar XİN nümayəndəsi tərəfindən qeyd olunub.

Səfər çərçivəsində 14-15 noyabr tarixlərində beynəlxalq inkişafa yardım sahəsində dünyanın ən nüfuzlu əlaqələndirici və siyasət müəyyənləşdirici təsisatı hesab olunan OECD DAC-ın rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir