Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın Azərbaycan Respublikasındakı yeni təyin edilmiş səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanı qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, səfir Ahmad Kamrizamil Bin Mohd Rza ilk növbədə, etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir Ceyhun Bayramov səfir Ahmad Kamrizamil Bin Mohd Rzanı təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Malayziya arasında əməkdaşlıq məsələləri, ikitərəfli əlaqələrin, o cümlədən turizm və təhsil sahəsində birgə səylərin inkişaf etdirilməsi perspektivləri, habelə cari regional vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov ərazilərimizin 30 ilə yaxın müddətdə işğalı, post-münaqişə dövründə normallaşma prosesi barədə qarşı tərəfi məlumatlandırıb.
Səfir Ahmad Kamrizamil Bin Mohd Rza səmimi qəbula görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Malayziya arasında münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
www.RIA24.az