Ayxan Hacızadə: “Ermənistanın əsassız və ziddiyyətli bəyanatlara üstünlük verməsi ənənəvi hal alıb”

Siyasət


“Ermənistan rəsmilərinin Azərbaycanla sülh prosesində əməli addımlar əvəzinə əsassız və ziddiyyətli bəyanatlara üstünlük verməsi ənənəvi hal alıb. Bu dəfə də Ermənistan baş naziri öz ziddiyyətli fikirləri ilə yadda qalıb”.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın ATƏT Parlament Assambleyasının sessiyasındakı çıxışına münasibət bildirərkən deyib.

“Ermənistan tərəfi iki aydan artıq müddətdə yubatdığı “sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsinə şərhləri təqdim etmək və müqavilə üzrə danışıqlara başlamaq əvəzinə Azərbaycana qarşı iddialar səsləndirməsi qəbuledilməzdir.

Ermənistan baş nazirinin baza prinsiplər və sərhədlərin demarkasiyası üzrə iki ölkə arasında anlaşma olduğunu, Ermənistan və Azərbaycanın ərazi iddialarının olmadığını bildirməklə yanaşı, ölkəmizin Ermənistana qarşı müharibəyə hazırlaşdığını bəyan etməsi Ermənistan rəsmilərinin bəyanatlarında nə dərəcədə ziddiyyətli yanaşma tətbiq etdiklərinin göstəricisidir.

Son üç il ərzində Azərbaycan tərəfindən 5 baza prinsipləri, sərhədlərin demarkasiyası, kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanması istiqamətində irəli sürülmüş təşəbbüslərə baxmayaraq, Ermənistan tərəfi bu prosesə maneçilik törədib.

Azərbaycan tərəfindən indiyə qədər 100-ə yaxın erməni əsirin geri qaytarılmasına baxmayaraq, Ermənistan tərəfinin bunun müqabilində sərhəddi səhvən keçərən əsir götürülmüş şəxslərin geri qaytarılması barədə etimad quruculuğu səylərini pozması, 2 nəfər Azərbaycan hərbçisini əsir götürməsi, Ermənistan tərəfinin saxlanılan şəxslərin geri qaytarılması məsələsinə ciddi yanaşmadığını göstərir.

Ermənistanın baş nazirinin “Qərbi Azərbaycan İcmasının” nümayəndələrinin öz doğma torpaqlarınına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması istəyinin və bu istiqamətdə apardıqları təbliğatın Ermənistana qarşı “təcavüzə hazırlıq” kimi qələmə verilməsi tamamilə əsassızdır.

Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırırıq.

Ümidvarıq ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, yaxın zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcək”, – XİN sözçüsünün bəyanatında deyilir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir