Qərbi Azərbaycan Xronikası: “Ermənistanın etnik təmizləmə siyasəti soyqırımına səbəb olub” – VİDEO

Siyasət


Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Baku TV xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi hüquq elmləri doktoru, professor Əmir Əliyev olub. O, doğulub boya-başa çatdığı Zəngəzur mahalı, Mehri rayonu, Nüvədi kəndinin tarixindən, təbiətindən, maddi-mədəni abidələrindən, kənd sakinlərinin həyat tərzindən danışıb. Bildirib ki, qədim tarixə malik olan Nüvədi kəndinin spesifik xüsusiyyətləri olub. O, 1988-1991-ci illərdə Nüvədi sakinlərinin çox böyük dəyanət göstərdiyini, erməni millətçilərinə qarşı sonadək mübarizə apardığını diqqətə çatdırıb. Vurğulayıb ki, Nüvədi Qərbi Azərbaycanın ən son tərk edilən yaşayış məntəqəsi olub. 

Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtmaq hüququndan söhbət açan professor Ə.Əliyev deyib ki, soydaşlarımızın bu hüququnu heç kim, yaxud hansısa dövlət məhdudlaşdıra bilməz. Hüquqşünas Ermənistan dövlətinin azərbaycanlıların deportasiyasını, məcburi qovulmalarını “könüllü köç” kimi qələmə verməsini xatırladaraq, rəsmi İrəvanın bu iddiasının tamamilə əsassız olduğunu konkret faktlarla, beynəlxalq sənədlərə, hüquqa istinad etməklə ortaya qoyub. Qeyd edib ki, ötən əsrin 1905-1907, 1918-ci illərində erməni-daşnak birləşmələrinin, 1948-1953, 1988-ci illərdə isə Ermənistan dövlətinin Qərbi Azərbaycan türklərini deportasiyaya məruz qoyması, onlara qarşı etnik təmizləmə siyasəti həyata keçirməsi soyqırımına səbəb olub. 

Professor Ə.Əliyev Ermənistanın formalaşmış adət normalarına qarşı çıxaraq beynəlxalq hüquq pozuntusu törətməsindən, mədəni irsimizə vurduğu ziyandan, bunun həcmini hesablamağın qeyri-mümkünlüyündən də söhbət açıb. Bildirib ki, beynəlxalq aləm, xüsusən də BMT Qərbi Azərbaycan türklərinin hüquqlarının təmin edilməsinə dəstək olmalıdır. Hüquqşünasın sözlərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun təşəbbüsü ilə soydaşlarımızın pozulmuş hüquqları barədə beynəlxalq hesabat hazırlanır. O sonda vurğulayıb ki, tarixi torpaqlarımıza qayıtmaq hər bir Qərbi azərbaycanlının haqqıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir