Qarabağda 44 günlük müharibə başa çatdıqdan sonra Azərbaycan regionda sabitliyin bərqərar olması və Ermənistanla sülh sazişinin bağlanması üçün hər cür səy göstərir.
Təəssüflər olsun ki, həm qonşu ölkənin rəhbərliyi, həm də ölkənin daxilindəki radikal dairələr buna müxtəlif formalarda müqavimət göstərdilər. Şərti sərhəddə hərbçilərimizin atəşə tutulması davam edirdi. Eyni zamanda, təxribat xarakterli bəyanatlar səsləndirilir, Qarabağdakı separatçı rejimə hər cür dəstək verilirdi. O cümlədən İrəvan onların silahla təchizatını davam etdirirdi ki, bu da cari ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən lokal antiterror tədbirlərinin həyata keçirilməsini zəruri etdi. Nəticədə qanunsuz separatçı rejimin mövcudluğuna son qoyuldu, Azərbaycanın bütün ərazisində suverenliyi tamamilə bərpa olundu.
Belə təsəvvür yaranırdı ki, indi heç nə sülhün bağlanmasına mane olmamalıdır, düşmənçiliyə son qoymaq və mehriban qonşuluq münasibətləri qurmaq üçün yeni fürsət yaranıb.
Lakin Ermənistanın informasiya sahəsində revanşist əhvali-ruhiyyənin necə dəstəkləndiyini, azərbaycanlılara qarşı nifrətin qızışdırıldığını, ərazi iddialarının davam etdiyini, həmçinin erməniəsilli sakinlərin guya Qarabağdan qovulması ilə bağlı ittihamları və bu mövzu ətrafında manipulyasiyaların həyata keçirildiyini müşahidə etmək olar.
Bütün bunlar həm Ermənistan hakimiyyətinin təhriki, həm də xarici qüvvələrin təsiri ilə baş verir.
Bununla belə, qonşu ölkədə düşmənçilikdən usanan, rəhbərlərinin yalançı bəyanatlarına inanmaqdan yorulan, sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyənlər də az deyil. Bir qayda olaraq, bu barədə orada ucadan danışmaq adət halını almayıb, amma bu fikirləri səsləndirməkdən çəkinməyənlər, Azərbaycanla sülhün, yaxşı münasibətlərin qurulmasına çağırış edənlər də var.
Bu insanlardan biri erməni bloqer Natali Aleksanyandır.
O, açıq şəkildə azərbaycanlılara qarşı düşmənçiliyin ermənilər tərəfindən başladıldığını, hazırkı hakimiyyətin səhvlərini, ölkədə söz azadlığının olmamasını söyləməkdən çəkinmir. Bloqer Ermənistanın keçmiş prezidentlərinin – qondarma “Qarabağ klanı”nın nümayəndələrinin təhriki ilə sülhü təbliğ edən insanların necə terrora məruz qalmasını da açıq şəkildə ifadə edir.
Natali Aleksanyan, xüsusilə, özünün sosial şəbəkələrdə sülh çağırışlarına aid son paylaşımına az bəyənmənin gəlmədiyini qeyd edərək, vurğulayır ki, bu onun göstəricisidir ki, insanlar hələ də öz fikirlərini açıq şəkildə ifadə etməkdən qorxurlar:
“Ona görə də mən Ermənistan hakimiyyətinə müraciət edirəm. Əgər insanlar öz fikirlərini bildirməyə qorxurlarsa, deməli, dövlətdə söz azadlığı yoxdur. Mən istəyirəm ki, ölkəmiz, doğrudan da, demokratiyanın mərkəzinə çevrilsin, amma nə qədər ki, vətəndaşlar sülhdən danışmaqdan çəkinirlər, biz heç bir demokratiyadan danışa bilmərik. Söz azadlığı təkcə mənə və Alen Simonyana aid deyil. Ölkədə əsl demokratiyanı bərqərar edin, əks halda siz “Qarabağ klanı”ndan heç nə ilə fərqlənməyəcəksiniz”.
Media.Az erməni bloqerlə söhbətləşərək, ondan erməni cəmiyyətinin Azərbaycanla sülhə necə yanaşdığını, qonşu ölkədə kimlərin etnik ədavəti və ksenofobiyanı qızışdırmaqla məşğul olduğunu soruşub.
– Siz Ermənistanda açıq şəkildə Azərbaycanla barışıq tərəfdarı olan azsaylı insanlardansınız. Ermənistan cəmiyyətində indiki əhvali-ruhiyyə necədir, sizin kimi Bakı ilə sülh tərəfdarlarının sayı çoxdurmu?
– Xalq sülh istəyir. İnsanlar çəkdiyimiz çətinlikləri, ağrıları yaxşı xatırlayırlar və heç kim onların təkrar olunmasını istəmir. Vətəndaşlar bir daha itkilər barədə eşitmək istəmirlər, sadəcə olaraq, əllərində olanı itirməkdən qorxurlar. Müharibə qorxusu insanların barışıq haqqında düşünməsinə mane olur, amma fakt budur ki, hamı sülh istəyir.
– Sizcə, kim Ermənistanda revanşist əhvali-ruhiyyəni qızışdırmaqda və azərbaycanlılara qarşı nifrət yaratmaqda davam edir?
– Ermənistanda düşmənçiliyi keçmiş “Qarabağ məmurları” ilə “Qarabağ klanı”nın tərəfində olan müxalifət körükləyir. Onlar bunu nəzarətlərində olan və daim yalan xəbərlər dərc edən medianın köməyi ilə həyata keçirirlər. Düşmənçiliyi Bakıda həbsxanada olanlar deyil, İrəvanda əyləşən “general”lar qızışdırırlar. Nifrəti yayanlar onillərdir Qarabağı talayan, indi isə bu fürsətdən məhrum olan şəxslərdir.
– Ermənilərin bütün bəlalarının “Daşnaksütyun” partiyasının təşəbbüsü ilə başladığı fikri ilə razısınızmı? Axı Ermənistanın ərazisini qonşu dövlətlər hesabına genişləndirmək istəyənlər bu partiyanın millətçi ideyalarını daşıyan üzvləri idi…
– Bəli, mən bununla razıyam. Erməni xalqının bütün bəlaları, məhrumiyyətləri məhz daşnak partiyasının fəaliyyəti ilə bağlıdır. Daşnaklar müharibəyə təhrik edib, özləri isə təhlükəsiz yerdə əyləşib ona tamaşa edirlər. Mən onları Ermənistanın və erməni xalqının düşməni hesab edirəm. Qafqaza müharibələri gətirən məhz daşnakların fəaliyyətidir.
– Fikirləriniz, paylaşımlarınızla bağlı sadə vətəndaşlardan və yaxud birbaşa Ermənistan hakimiyyətindən ciddi təhdidlər almısınızmı?
– Dövlətdən heç bir təhdid almamışam, amma dövlətə bağlı bəzi şəxslər rüşvət və şantaj yolu ilə mənə təzyiq göstərməyə çalışıblar. Müxtəlif başqa üsullardan da istifadə olunurdu ki, bunları qeyd etmək istəmirəm, amma düzünü desəm, hakimiyyətlə birbaşa bağlı insanlardan özümə belə münasibət gözləmirdim. Mənə qarşı birbaşa təhdidlər Robert Koçaryan və Serj Sarqsyanın tərəfdarlarından gəlir və onlarla əlaqəli media resursları hər cür yolla adımı ləkələməyə çalışırlar. Sizin onlayn medianızdan istifadə edib onlara çağırış edirəm, bütün bu cəhdlər boşa çıxacaq. Məni qorxutmaq mümkün deyil və fəaliyyətimi məqsədimə çatana qədər davam etdirəcəyəm. Qafqaza sülh gəlməlidir.
Erməni cəmiyyəti 30 ildir ki, deqradasiyaya məruz qalıb. İnsanlar guya demokratik ölkədə yaşayırlar, amma eyni zamanda, daim qorxu içindədirlər, düşündüklərini söyləməkdən qorxurlar. Mən onlarla danışmağa, onları inandırmağa çalışıram və buna nail oluram. Şüurda dəyişiklik olmalıdır və burada hakimiyyət həlledici rol oynamalıdır – mən bunu tək edə bilmərəm.
– Ermənistan rəhbərliyinin hazırda ölkəni aktiv şəkildə silahlandıran Fransa və Hindistanla hərbi əməkdaşlığı genişləndirməsi barədə nə düşünürsünüz?
– Müharibə zamanı nə Hindistan, nə də Fransa Ermənistana heç bir şəkildə kömək etmədi. İndi onlar İrəvanı silahlandırırlar ki, onu yeni müharibəyə salıb, yenə də kənardan izləsinlər. Mənim silahlardan bir az məlumatım var və qeyd etmək istəyirəm ki, Fransanın tədarük etdiyi silahlar Ermənistana heç bir şəkildə kömək etməyəcək. Ölkənin öz müdafiə qabiliyyətini artırmasında qəbahət yoxdur, lakin Ermənistan üçün ən yaxşı müdafiə yalnız Azərbaycanla münasibətlərin normallaşması ola bilər.
– Siz, yəqin ki, Qarabağı tərk edən ermənilərlə ünsiyyətdə olmusunuz. Onlar Qarabağı tərketmə səbəbi haqqında nə deyirlər? Nəzərinizə çatdırım ki, Azərbaycan dövləti onları qalmağa, ölkəmizin vətəndaşlığını qəbul etməyə və Azərbaycanın bütün digər vətəndaşları kimi bütün hüquqlara malik olmağa dəvət edib…
– Qarabağ ermənilərinin öz evlərini tərk etmələri ümumi bir sxem üzrə gedirdi: yerli “hakimiyyət”in nümayəndələri adamlara söyləyirdilər ki, azərbaycanlılar tezliklə burada olacaqlar və guya hamını öldürəcəklər. Bundan sonra isə onlara əşyalarını yığıb oranı tərk etməyə vaxt qoyurdular. Ermənilər oradan çıxarkən Azərbaycan əsgərlərini görməyiblər. Hazırda onların çoxu qayıtmaq istəyir, amma bunu necə edəcəyini bilmir. Qorxurlar və qayıdanda onları nə gözlədiyini anlamırlar. Ermənistanın özü hələ ki bu insanların öz evlərinə qayıtmasını təmin etmək barədə düşünmür.
– Siz Azərbaycan Prezidentinə müraciət edərək Xankəndiyə gəlməyiniz və yerli ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına köməklik göstərməyiniz üçün xahiş etmisiniz. Qarabağ ermənilərinin reinteqrasiyası və ümumiyyətlə, Azərbaycan və erməni xalqlarının barışması prosesini necə görürsünüz? Yekun sülhə necə nail ola bilərik?
– Münaqişə başlamazdan əvvəl ermənilərlə azərbaycanlıların bir yerdə yaşadıqlarını və bu gün Azərbaycanda onminlərlə erməninin yaşadığını nəzərə alaraq hesab edirəm ki, barışıq məsələsi təkcə Azərbaycan hökumətinin deyil, həm də Ermənistan hökumətinin gündəmində olmalıdır. Bu, bir-biri ilə əlaqəli məsələdir və burada birtərəfli fəaliyyətin heç bir təsiri olmayacaq. Birincisi, həm ermənilər, həm də azərbaycanlılar arasında qorxu mühiti aradan qaldırılmalıdır. Ona görə də Qarabağda həm erməni, həm də Azərbaycan milliyyətindən olan sakinlərin etibar edəcəyi bir erməninin olmasını zəruri sayıram. Mənim Azərbaycan Prezidentinə məktubumun səbəbi də bu idi. Güvənli mühiti bərpa etmək lazımdır və bunu yalnız insanların özləri öz insani münasibəti ilə edə bilərlər (qeyd edək ki, Natali Aleksanyan Azərbaycan kanallarından birinə müsahibəsində bildirmişdi ki, lazım gələrsə, bu məqsədlə Azərbaycan vətəndaşlığını almağa hazırdır – red).
www.RIA24.az