Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, iclasda İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” haqqında iclas iştirakçılarına ətraflı məlumat verib.
O qeyd edib ki, Strategiya ölkənin informasiya məkanının təhdidlərdən qorunması, informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə təsdiq edilib.
Daha sonra İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının gündəliyinə daxil olan məsələlərinin müzakirələrinə başlanılıb.
Gündəliyə uyğun olaraq strategiyanın icrasının səmərəli təşkili məqsədilə Tədbirlər Planının yerinə yetirilməsinə məsul olan qurumların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması ətrafında müzakirələr aparılıb. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının mütəmadi monitorinqi və qiymətləndirilməsinin təmin edilməsi ilə bağlı təkliflər və mexanizmlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub. Müzakirələr zamanı strategiyanın əhatə dairəsinin genişliyi nəzərə alınaraq, görülən işlərin vahid bazada toplanılması, eyni zamanda işçi qrupların fəaliyyətinin əlaqələndirilməsi və nəticələrin qiymətləndirməsi üzrə informasiya ehtiyatının – portalın yaradılması qərara alınıb.
Gündəliyinə daxil olan məsələlərlə əlaqədar komissiya üzvləri – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini general-leytenant İsmət Əliyev, Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəis müavini general-leytenant Zaur İsmayılov, Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov rəy və təkliflərlə çıxış ediblər. Müzakirələrdən sonra Komissiya üzvləri tərəfindən gündəlikdə olan məsələlər ilə bağlı müvafiq qərarlar qəbul olunub.
Sonda Komissiyanın sədri müzakirə olunan məsələlərin protokollaşdırılması, zəruri tədbirlərin görülməsi, birgə layihələrin hazırlanmasının vacibliyi bildirilib.
www.RIA24.az