“USAID-in fəaliyyəti Azərbaycan və digər ölkələrdə rəngli inqilabların həyata keçirilməsinə nail olmaqdır”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, USAID rəhbərliyinin Qarabağın erməni sakinlərinə əlavə olaraq 4 milyon dollardan çox humanitar yardım ayırdığını elan etməsi ara qarışdırmaqdan başqa bir şey deyil:
“Azərbaycan tərəfi dəfələrlə elan edib ki, Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malikdirlər. Ölkə vətəndaşlığını qəbul etdikdən sonra onların sosial təminatı, pensiya təminatı və digər məsələlərin hər biri Azərbaycan dövləti tərəfindən təmin olunacaq. Bu baxımdan indi atılan addımın arxasında başqa məqsədlərin olduğu açıq-aydın görünür”.
S.Novruzov bildirib ki, USAID kimi təşkilatlar bu cür qərarlarla erməniləri şirnikləndirib Azərbaycana qarşı çıxmalarına nail olmağa çalışırlar:
“USAID-in fəaliyyəti Azərbaycan və digər ölkələrdə rəngli inqilabların həyata keçirilməsinə nail olmaqdır. Həmçinin təbii sərvətləri olan dövlətlərin resurslarını özününküləşdirmək, bu ölkələrdə onların sözü ilə oturub-duran rəhbərliklərin seçilməsidir. Azərbaycan xalqı hələ əsrin əvvəlində öz müstəqil dövlətini qurub və bu gün də öz azad seçimi var. Ona görə də sözügedən təşkilatın məkrli planları baş tutmayacaq”.
www.RIA24.az