“Özbəkistanda müəyyən aylarda suyun çatışmazlığı 50%-ə çatır”.
“Report” xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Badriddin Abidov bu gün Bakıda keçirilən SPECA-nın (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) Rəhbər Şurasının 18-ci sessiyasında deyib.
“Beynəlxalq ekspertlərin hesablamalarına görə, 2040-cı ilədək Mərkəzi Asiyanın su ehtiyyatlarına olan yük 3 dəfə arta bilər. Artıq bu gün Özbəkistanda müəyyən aylarda suyun çatışmazlığı 50%-ə çatır. SPECA-ya üzv dövlətlərinin əhalisinin sabit artmasını və su ehtiyatlarının intensiv şəkildə istifadəsini nəzərə alaraq müvafiq addımların atılmasını vacib hesab edirik. Bu kontekstdə qabaqcıl suya qənaət texnologiyalarının tətbiqi, onlayn rejimdə vahid informasiya sistemlərinin yaradılması, suvarma sistemlərinin müasirləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə BMT-nin müvafiq strukturlarının bir araya gətirilməsi vacibdir”, – deyə B.Abidov qeyd edib.
SPECA-nın Şərqlə Qərb, Şimalla Cənub arasında körpü olduğunu deyən nazir, Asiya və Sakit Okean regionu, Cənubi Asiya, Yaxın Şərq və Avropada yerləşən bazarlara çıxışın təmin edilməsi üçün belə yeni dəhlizlərin yaranmasının vacibliyini vurğulayıb:
“Əlbəttə ki, biz Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişaf etdirilməsini vacib hesab edirik, o cümlədən Çin-Qırğızıstan-Özbəkistan, Özbəkistan-Türkmənistan-İran-Türkiyə nəqliyyat dəhlizlərini, həmçinin Trans-Əfqanıstan dəmir yolunun tikintisi layihəsini. Bu mənada məlumatların mübadiləsinin rəqəmsal formata salınması ilə əlaqədar Yol Xəritəsinin qəbulunu dəstəkləyirik”.
Onun sözlərinə görə, eyni zamanda ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı tədbirlərin görülməsini məqsədə uyğun hesab edirik.
B.Abidov hesab edir ki, aqrosənaye sahəsində Dayanıqlı İnkişaf Məqsədlərinin icrası risk altındadır:
“Ona görə kənd təsərrüfatının resurslara qənaət edən sahəyə çevrilməsi əhəmiyyətlidir”.
www.RIA24.az