Mərkəzi Asiya regionunun (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan) liderləri Bakıya gəlirlər.
Onlar BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək sammitində iştirak edəcəklər.
SPECA Mərkəzi Asiyada subregional əməkdaşlığı və onun dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirmək üçün 1998-ci ildə fəaliyyətə başlayıb.
SPECA ölkələri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.
Bakıda keçiriləcək tədbir Avropa və Çin arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) yeni çağırışlar qarşısında nəqliyyat əlaqələrinin rolunun artırılmasına həsr olunub.
Çağırışlar təkcə iqtisadi-ticari layihələndirməni əhatə etmir. Eyni zamanda, təbii ki, təhlükəsizlik problemlərinin həllini də tələb edir.
Təhlükəsizliklə əlaqədar ortaya çıxa biləcək məsələlər indi qeyd edəcəyimiz tezislər fonunda işıqlana bilər.
Çünki Orta Dəhlizin parametrləri geosiyasi və geostrateji mübarizənin şiddətləndiyi bir zamanda bir sıra təhlükəsizlik dilemmalarını üzə çıxarır.
Çin, Türkiyə, Mərkəzi Asiya regionunda Qazaxıstan, Cənubi Qafqazda Azərbaycan və Gürcüstan uzun müddətdir ki, Şərqi Asiyanı Avropa ilə birləşdirəcək Orta Dəhliz marşrutunu yaratmağa çalışırlar.
Bu ticarət trayektoriyası Şimal-Cənub Nəqliyyat Dəhlizindən yan keçir, yəni Rusiya, İran və Hindistan bu marşrutdan nəsiblərini götürmürlər.
Orta Dəhlizin Rusiya, Hindistan və İrandan yayındırılması layihədə iştirak edən Cənubi Qafqaz ölkələrinin və Mərkəzi Asiya dövlətlərinin alternativ maraqlardan yararlanmaq ümidlərini artırır.
Bu nöqtədə ABŞ Hindistanla sövdələşməyə gedib Çinin yüksələn nüfuzu fonunda Orta Dəhlizin inkişafına maneə yaratmağa çalışır.
Hətta bir az da irəli gedərək, Vaşinqtonun Avropa İttifaqına təzyiqləri də qaçılmazdır, lakin Aİ formalaşan yeni dünya siyasi nizamında Çinlə əməkdaşlığın dərinləşməsi ehtiyacını hiss edir.
Çünki Avropa nöqteyi-nəzərindən Orta Dəhliz Mərkəzi Asiya və Qafqaz regionunun inkişaf edən bazarlarına, həmçinin Gürcüstan və Türkiyə limanları vasitəsilə Yaxın Şərq, Şimali Afrika, Avropa Aralıq dənizi regionuna daha sürətli çıxış təklif edir.
Rusiya və İran böyük bir həvəslə Azərbaycanın da iştirak etdiyi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Marşrutunun tellərini Çinin moderatorluq etdiyi Orta Dəhlizə inteqrasiya etməyə çalışırlar. Orta Dəhlizin xəritəsinə baxsaq, belə bir şeyin hipotetik olaraq mümkünlüyü görünür, hərçənd ki, bununla əlaqədar bir razılaşma yoxdur.
Burada ən güclü strateji mövqe Qazaxıstan və Azərbaycana aiddir, çünki onlar bir növ qovşaq rolunu oynayırlar.
Çinin Mərkəzi Asiyada yüksələn profili Orta Dəhlizin diversifikasiyasını stimullaşdırır. Pekin Orta Dəhlizin əzələlərini möhkəmləndirməkdən ötrü Çin-Özbəkistan-Qırğızıstan-Xəzər dəmir yolu layihəsinin inkişafına təkan verir.
Qlobal rəqabətin çevik olaraq şiddətli fazaya keçdiyi, maraqlarda güzəşt amilinin aşağı düşməsi fonunda meydana çıxan təhlükəsizliklə əlaqədar aspektlərin motivləri suallar yarada bilər.
Orta Dəhlizdə Özbəkistanla Türkmənistanın faktiki iştirakı barədə də qısa məlumat verək.
Özbəkistan Türkmənistanın Türkmənbaşı limanı vasitəsilə daha çox ixracata başlayıb.
Orta Dəhliz, həmçinin, Özbəkistanın özünü regional logistika mərkəzi kimi qurmaq planlarını həyata keçirməyə kömək edir.
Özbəkistan Orta Dəhlizin genişləndirilməsindən faydalanmalıdır, çünki tranzit və infrastrukturun inkişafı Avropa və Asiya bazarlarına çıxışı yaxşılaşdıra bilər.
Bundan əlavə, Orta Dəhliz marşrutunun tam gücü ilə işləməsi üçün bir sıra inzibati, infrastruktur, maliyyə və siyasi çətinliklərin öhdəsindən gəlmək lazımdır. Elə Mərkəzi Asiya ölkələrinin SPECA sammitində iştirak üçün Bakıya gəlmələri qeyd olunan genişspektrli müzakirələr aparıb növbəti hədəf portfelləri hazırlamağı qarşıya məqsəd qoyur.
Yekun olaraq:
– Orta Dəhliz boyunca yerləşən dövlətlərin maraqlarını öz tərəflərinə çəkməkdən ötrü ABŞ, Rusiya və Çin arasında geostrateji mübarizənin böyüyəcəyini söyləmək olar.
– Bakıdakı sammit ümumilikdə Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin maraqlarını birləşdirəcək Orta Dəhliz ideallarından geri çəkilməyəcəyini göstərir.
Aqşin Kərimov
www.RIA24.az