Cənubi Qafqazda regionundakı hərbi-siyasi vəziyyət Ermənistanın baş naziri səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyanın Rusiyaya səfəri zamanı əsas mövzulardan biri olub.
“Pravda.ru” mediaholdinqinin hərbi icmalçısı Aleksandr Artamonov Caliber.Az-ın suallarını cavablandırarkən ilk növbədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın KTMT-nin baş katibi Stanislav Zasa göstəriş vermək cəsarətinin faydasız olduğunu vurğulayıb:
“Mənim fikrimcə bu cür ifadələr ən azı balanssızdır və “Rusiya-Ermənistan, “Rusiya-Azərbaycan” və “Azərbaycan-Ermənistan” üçbucağında münasibətlərin inkişafının bütün məntiqinə ziddir.
Stanislav Zas KTMT-nin əsl məqsədlərini ermənilərə göstərən ilk şəxs deyil. Xatırlayıram ki, KTMT-nin keçmiş baş katibi Nikolay Bordyuja İrəvana səfərlərindən birində Ermənistana Rusiyanın ermənilərin təsəvvürlərinə uyğun gəlməyə biləcək öz maraqlarına sahib olduğunu göstərdi. Həmin vaxt bu qəzəb dalğasına səbəb oldu (Ermənistanda – red.). İndi biz görürük ki, Stanislav Zas öz sözləri, öz yanaşmaları ilə həmin mövqeyi təsdiqləyir.
Gəlin baxaq, Rusiya Ermənistanı nə dərəcədə Cənubi Qafqazdakı müstəsna, qeyd-şərtsiz və strateji tərəfdaşı hesab edir. Fikrimcə, Rusiya Federasiyası heç vaxt tək Ermənistanın tərəfini tutmayıb. Moskva münaqişə iştirakçısı olmaq əvəzinə vasitəçi ölkə rolunu üstün tutur. Rusiya Azərbaycanla ittifaqda nə edir? Əgər Moskva ermənilərin mövqeyini müdafiə etsə, dünya arenasında ermənipərəst siyasət aparsaydı, o zaman yəqin ki, Azərbaycanla çox sayda müdafiə müqavilələri olmazdı. Bu cür əməkdaşlıq isə artıq uzun illərdir inkişaf edir. Bu əməkdaşlıq zərbə silahları da daxil olmaqla tədarükü əhatə edir.
Bunlar Mi-35M vertolyotları, “Solntsepek” termobarik sistemləri, “Smerç” reaktiv yaylım atəşi sistemləri, “Msta-S” özüyeriyən haubitsalar, “Pion” özüyeriyən artilleriya qurğuları, 100-ə yaxın T-90 tankı, “Kornet” tank əleyhinə raket kompleksləri də daxil olmaqla bir çox başqa silahlardır. Odur ki, Rusiya, Azərbaycana silah çatdırarkən özünü əli-qolu bağlı hiss etmir.
KTMT mövzusuna qayıdaq. Bu təşkilat heç vaxt bir neçə səbəbə görə sırf erməni maraqlarını müdafiə etməyəcək. Birincisi, Rusiya Azərbaycanla da öz dərin, etibarlı və kommersiya əlaqələrini qurur. Rusiya bundan heç vaxt vaz keçməyəcək. İkincisi, KTMT yalnız Rusiya demək deyil. Bu təşkilatda həm də, təbii olaraq, Azərbaycanla ittifaqa meyl göstərən Qırğızıstan, Qazaxıstan yer alır. Onlar heç vaxt Bakıya qarşı çıxmayacaqlar. Belə çıxır ki, Nikol Paşinyanın və ona qədər isə sələflərinin, elə həmin keçmiş yaraqlı Robert Köçəryanın siyasi xətti düzgün qurulmayıb”.
Ekspertin sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədində demarkasiya ilə bağlı baş verən hazırkı proseslər ermənilərdə etiraz doğurmaya bilməz.
“Onlar bu torpağa yayılıb, məskunlaşıblar. İndi isə çox ağrılı bir proses başlayıb. Ancaq indi ərazilərin demarkasiyasını həyata keçirmək lazım gəlir. Bəs 750 min azərbaycanlının Qarabağ və ətraf rayonlardan qovulması erməniləri niyə narahat etmirdi? Odur ki, Azərbaycan hərbçilərinin dövlət sərhədində normal demarkasiya prosesi aparmasına görə özlərini incik hiss edən bir neçə ailədən (Ermənistan tərəfdən – red.) danışmağa ehtiyac yoxdur.
Paşinyan Rusiya sülhməramlılarının Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrin dayanmasını istəyir. Ancaq unutmaq olmaz ki, Rusiya heç vaxt Azərbaycanla münaqişəyə getməz. Bu, Moskva üçün əlverişli deyil. Bu, Rusiyanın onilliklər ərzində qurulan bütün müttəfiqlik, kommersiya maraqlarına, Azərbaycanla olduğu kimi Türkiyə ilə də razılaşmalarına ziddir.
Ermənistanın tutduğu mövqe onun özü üçün dağıdıcı xarakter daşıyır. O, bir tərəfdən Azərbaycan, digər tərəfdən isə Türkiyə ilə həmsərhəddir. Cənubda isə 30 milyon azərbaycanlının yaşadığı İran var. Ermənistan Rusiya ilə sərhədi olmayan və türk xalqları ilə əhatə olunmuş kiçik dövlətdir.
Ermənistan rəhbərliyinin irəli sürməyə davam etdiyi xətt əslində ölkənin dağılmasına aparır. Ermənistan iqtisadiyyatı bunu açıq şəkildə göstərir.
20 faiz ərazisini itirdikdən sonra ağır vəziyyətdə olan Azərbaycan öz növbəsində nə etdi? Ölkə iqtisadiyyatını inkişaf etdirməyə başladı. Bəs vasitə və imkanlardan məhrum olduğu üçün əhalisi qaçan kiçik, kasıb dövlət olan Ermənistan nə etdi? Əhalisi hara qaçır? Nə qədər qəribə olsa da, həmçinin Türkiyəyə. Hazırda Ermənistanın əhalisi 1,5 milyona yaxındır, heç iki milyona da çatmır. Hərçənd bu rəqəm üç milyondan çox idi. Bu vəziyyəti Azərbaycandakı vəziyyətlə də müqayisə edin”, – deyə rusiyalı ekspert bildirib.