Tokayev: “SPECA ölkələri Avropa ilə Asiya arasında körpüyə çevrilib”

Siyasət


“BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün xüsusi proqramına (SPECA) üzv dövlətlər arasında investisiya əməkdaşlığını stimullaşdırmaq üçün alətlərin yaradılmasına xüsusi diqqət yetirmək lazımdır. Bu baxımdan iqtisadi inkişafı və inteqrasiyanı təşviq etmək üçün BMT-nin himayəsi altında SPECA Etimad Fondunun yaradılması aktuallaşır”.

“Report” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə deyib.

Onun fikrincə, region bu gün beynəlxalq nəqliyyat və tranzit marşrutlarının inkişafı və şaxələndirilməsində böyük rol oynayır: “SPECA ölkələri Avropa və Asiya arasında kontinental körpüyə çevrilib”.

“Bu, bizim inkişaf etdirməli olduğumuz böyük üstünlükdür. Biz bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına böyük ümidlər bəsləyirik”, – o qeyd edib.

Onun sözlərinə görə, son 15 ildə Qazaxıstan nəqliyyat infrastrukturuna 35 milyard ABŞ dollarından çox sərmayə qoyub:

“Qarşıdakı üç il ərzində 1300 kilometrdən çox dəmir yolunun çəkilməsi planlaşdırılır. Bu, Çin, Cənubi Asiya, Rusiya və Avropa istiqamətində ötürücülük qabiliyyətini artıracaq”.

Tokayev vurğulayıb ki, Qazaxıstan 2060-cı ilə qədər karbon neytrallığına nail olmağı qarşısına məqsəd qoyub. O, SPECA rəhbərlərini alternativ enerji mənbələrinə keçidlə bağlı birgə səyləri aktivləşdirməyə və Almatıda iqlim məsələləri üzrə Mərkəzi Asiya Layihə Ofisinin yaradılması üzrə Qazaxıstan təşəbbüsünü dəstəkləməyə çağırıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir