Müxtəlif sahələrdə işləyən çoxsaylı İsrail şirkətləri azad edilmiş ərazilərdə Azərbaycanla əməkdaşlıq niyyətini ifadə edib.
Bunu Trend-ə İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
Onun sözlərinə görə, İsrail həmin ərazilərdə minaların təmizlənməsi prosesinə kömək edə bilər. İsrail kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması sahələrində də əməkdaşlığa hazırdır:
“Əməkdaşlıq edə biləcəyimiz əsas sahələr minalardan təmizləmə, yenidənqurma, kənd təsərrüfatı, su təchizatıdır. Bundan başqa, biz səhiyyə kimi digər sahələrdə də əməkdaşlıq və təcrübə mübadiləsi üçün imkanlar görürük”.
Səfir Zəngilan rayonundakı fermer layihəsi barədə də danışıb:
“Bu layihəyə Azərbaycan şirkəti rəhbərlik edir və bizim köməyimizlə İtaliya və İsrail şirkətlərini cəlb edib. İdeya ondan ibarətdir ki, Azərbaycan şirkəti bu rayonda yaşayış yerləri və infrastrukturu, İsrail şirkəti camışların yetişdirilməsi üçün süd ferması inşa edir. Burada ən yüksək keyfiyyətli süd istehsal olunacaq. Məhsul İtaliya şirkətinə təhvil veriləcək və onlar südü pendir istehsalında istifadə etmək üçün emal zavodu açacaq. Həmin pendir yerli və xarici bazarlarda satışa çıxarılacaq”.
O əlavə edib ki, layihə təxminən bu ilin sonu və ya gələn ilin əvvəlində başa çatıb işə salınacaq.
Səfir vurğulayıb ki, infrastrukturu tikmək, insanları yaşayış yeri ilə təmin etmək, onlar üçün iş yerləri yaratmaq və şirin su ilə təmin etmək üçün əvvəlcə bu rayonları minalardan təmizləmək lazımdır.
Onun fikrincə, Azərbaycan və İsrail kənd təsərrüfatı və su təchizatı sahələrində əməkdaşlıq potensialına malikdir:
“İsrail damcı suvarması, istilik təsərrüfatları və gübrələrin istifadəsi sahələrində öz texnologiyalarımızdan istifadə etməklə kənd təsərrüfatının inkişafı üçün Azərbaycanla əməkdaşlıq edə bilər”.
Diplomat qeyd edib ki, eyni məsələ su təchizatına da aiddir:
“Biz kənd təsərrüfatında “ağıllı suvarma”dan istifadə edirik. Bu zaman hər bir taxıl və hər bir bitki nə az, nə çox, lazım olduğu qədər su alır. Bu isə suyu boşuna istifadə etməməyə imkan verir”.
Onun sözlərinə görə, yaxın gələcəkdə Azərbaycandan İsrailə kənd təsərrüfatı və su ehtiyatları sahələrində mövcud əməkdaşlıq imkanları ilə tanış olmaq məqsədilə nümayəndə heyətinin rəsmi səfəri planlaşdırılır.
C.Dik vurğulayıb ki, kənd təsərrüfatı və su təchizatı ilə yanaşı İsrail Azərbaycanın inkişaf etdirmək istədiyi bütün sahələrdə ona kömək göstərə bilər:
“Bu, məsələn, səhiyyə sahəsi ola bilər. Bizim bu sahədə çoxlu humanitar layihələrimiz var. Bir neçə ay əvvəl oftalmoloq həkimləri prosesə cəlb etdik, tibb avadanlıqları ilə bağlı töhfəmizi verdik, müharibə vaxtı və onun başa çatmasından sonra Azərbaycan Səhiyyə Nazirliyi və TƏBİB-lə əməkdaşlıq etdik”.
Səfir əlavə edib ki, əməkdaşlığın inkişafı üçün istiqamətlərdən biri turizm ola bilər:
“2016-cı ildə Azərbaycana 10 minə yaxın israilli turist gəlmişdi, cəmi üç il sonra, 2019-cu ildə isə onların sayı artıq 50 minə çatmışdı. Təəssüf ki, ötən il və hətta bu il də COVID-19-la əlaqədar bu say kəskin azalsa da, ümid edirəm ki, sərhədlər yenidən açılanda biz turizm axınını görə bilərik. Bu say hətta 100 min nəfərə də çata bilər”.