Bu gün Cənubi Qafqazda formalaşan siyasi mənzərədən çıxış etsək, deyə bilərik ki, Ermənistan region ölkələri ilə əlaqələri normallaşdırmağın yeganə yol olduğunu başa düşməlidir.
Lakin müşahidə olunan odur ki, rəsmi İrəvan qonşu dövlətlərlə münasibətləri nizamlamaq əvəzinə Qərbdən gələn siqnallara reaksiya verir, şirnikləşdirici vədlərdən mədət umur. Halbuki Qərbin öz maraqları naminə alətə çevirdiyi xalqların və ölkələrin aqibəti heç kimə sirr deyil.
Yaxın Şərqin, ərazilərinin bir hissəsinə nəzarəti itirən Gürcüstanın və 2 ildir ki, müharibənin caynağından xilas ola bilməyən Ukraynanın acınacaqlı durumu başda Amerika Birləşmiş Ştatları olmaqla, Qərb təsisatlarının əl işi olduğu hər kəsə məlumdur.
Əslində, heç Ermənistanın da sonrakı taleyi Birləşmiş Ştatları düşündürmür. Yəni bu ölkəni də Ukraynanın taleyi gözləyə bilər desək, yanılmarıq. Lakin İrəvanın siyasi elitası bütün bunları bildiyi halda ölkənin milli maraqlarını qorumaq əvəzinə özünü sürətlə bənzər alovun içərisinə atır.
Təbii ki, ABŞ və Fransa başda olmaqla, Qərbin əsas məqsədi Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırıb, regionda öz maraqlarını həyata keçirməkdən ibarətdir. Bu baxımdan İrəvanın fəlakətlə nəticələnəcək durumu istisna edilmir. Çünki nə Rusiya Ermənistan hakimiyyətini bağışlayacaq, nə də Qərb öz məqsədindən əl çəkəcək. Ona görə də Ermənistan yaxşı düşünməli və dövlət kimi məhv olmaq təhlükəsindən özünü xilas etməlidir.
Ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az