Sahib Ələkbərov: “Heydər Əliyev xalqı zamanın sınaqlarından uğurla çıxarıb”

Siyasət


“Heydər Əliyev qüdrətli şəxsiyyət kimi apardığı ardıcıl və qətiyyətli mübarizə ilə Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarıb”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda beynəlxalq konfransda “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” adlı ümumrespublika və beynəlxalq elmi-praktiki məqalə müsabiqəsinin təltifetmə mərasimində iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib.

O qeyd edib ki, Azərbaycanın dünyada layiqli mövqe tutmasında ümummilli liderin əzmi, zəhmətkeşliyi və yüksək zəkası müstəsna rol oynayıb:

“O, siyasi iradəsi və həyata keçirdiyi köklü iqtisadi islahatlarla milli dövlətçiliyi xilas etdi və ölkə iqtisadiyyatında yeni mərhələnin başlanğıcını qoydu. Ulu öndərin gərgin səyi nəticəsində Azərbaycanda makroiqtisadi sabitlik təmin edildi, dayanıqlı və davamlı inkişaf edən iqtisadiyyat formalaşdı”.

“H.Əliyev hələ 1969-cu ildə Azərbaycanda rəhbər vəzifəyə təyin olunanda ölkədə iqtisadi inkişafın əsaslarının qoyulmasına start vermişdi. Məhz onun təşəbbüsü ilə SSRİ dövründə xüsusilə qeyri-neft sahəsində mühüm əhəmiyyəti olan 170-dən çox sənaye müəssisəsi tikilib istifadəyə verildi, mövcud müəssisələr yenidən quruldu və genişləndirildi. 1969-82-ci illərdə həyata keçirilən sosial-iqtisadi proqramlarla Azərbaycan mərkəzdən dotasiya almayan respublikaya çevrildi. Sənaye və kənd təsərrüfatının bütün sahələrində artım qeydə alındı, elektrotexnika, maşınqayırma, avtomatlaşdırma, əlvan və qara metallurgiya kimi yeni sənaye sahələrinin yaradılmasına başlanıldı. Ölkə iqtisadiyyatının əsasını təşkil edən neft sənayesi, neft maşınqayırması və neft-kimya müəssisələrinin modernləşdirilməsinə xüsusi diqqət yetirildi”, – deyə o vurğulayıb.

“Müstəqil Azərbaycan dövləti hazırda növbəti böyük dönüş astanasındadır. Prezident İlham Əliyevin rəhbərliyi altında ulu öndərin həyata keçirdiyi iqtisadi strategiyanın davamı olaraq yeni strateji hədəflər qoyulub. Başlıca çağırış ölkə iqtisadiyyatını dərindən şaxələndirmək, neftdən asılılığı minimuma endirmək, iqtisadi artımın sürətini gücləndirməkdir. Ölkədə biznes-investisiya mühitinin yaxşılaşdırılması, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye zonalarının, aqroparkların yaradılması, maarifləndirici tədbirlərin təşkili üzrə işlər uğurla davam etdirilir”, – deyə nazir müavini əlavə edib.

“Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi istiqamətində apardığı prinsipial siyasət, böyük vətənpərvərlik, siyasi peşəkarlıq və liderlik keyfiyyətləri nəticəsində 30 illik işğala son qoyuldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad etdi. Artıq Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri salınır, iqtisadi reinteqrasiya tədbirləri həyata keçirilir”, – deyə S.Ələkbərov vurğulayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir