Azərbaycan XİN Ermənistanın Şuşaya səfər edən səfirlərin ölkələrinə nota verməsinə cavab verib

Siyasət

“Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistanın XİN-in iyulun 9-da Azərbaycanda akkreditə olunan ölkələrin səfirlərinin Şuşa şəhərinə səfəri ilə bağlı Ermənistandakı xarici ölkələrin diplomatik nümayəndəliklərinə nota təqdim etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan XİN-in bu addımı bir daha bu ölkənin hələ də beynəlxalq hüquqa zidd olan və ərazi iddialarından çıxış edən mövqe sərgilədiyini göstərir: “Bir daha vurğulayırıq ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz. Bu ərazilərə səfərlər Ermənistanın hərbi işğalı altında olan zaman qanunsuz xarakter daşıyırdı. Artıq Şuşa azad olunub, digər azad olunan bölgələrimiz kimi Azərbaycanın tərkib hissəsidir. Bura səfərlər də edilir və ediləcək, bərpa işləri də həyata keçirilir, şəhərin qanuni sahibləri öz evlərinə geri qayıdacaq, bir sözlə mədəniyyət beşiyimizdə həyat yenidən canlanacaq”.

XİN rəsmisi vurğulayıb ki, Ermənistan XİN nota tərtib edərkən ən azından nəyə və nə əsasla etiraz etdiyini düşünməlidir: “Görünür, Ermənistan XİN-də rəhbərliyin olmaması bu qurumun tərtib etdiyi sənədlərə də öz təsirini göstərir. Ermənistan XİN-in artıq bölgədəki yeni vəziyyəti dərk etməsi gərəkdir. Keçmişdə olduğu kimi, beynəlxalq hüquqa zidd və destruktiv siyasətdən çıxış etmək Ermənistana yaxşı heç nə vəd etmir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir