Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gələn il tam istismara verilməsi planlaşdırılır.
Bu barədə APA-nın Tbilisi müxbirinə müsahibəsində Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili deyib.
O, BTQ-nin Trans-Xəzər nəqliyyat dəhlizinin ayrılmaz hissəsi olduğunu, tammiqyaslı istismarının təmin edilməsi məqsədilə Azərbaycanla səmərəli əməkdaşlıq edildiyini vurğulayıb:
“Biz Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttində bütün işlərin demək olar 90 faizini tamamlamışıq. Bizim Azərbaycanda nəqliyyat nazirliyindəki həmkarlarımızla son dərəcə yaxşı əməkdaşlığımız var. Ona görə də biz hazırda tikinti fəaliyyətlərinə tam fokuslanmağa qərar vermişik. Hazırda işlər çox yaxşı gedir, yaxşı proqres var. Layihənin çox tezliklə tamamlanacağına ümid edirəm. Hazırda bizim bütün aidiyyəti tərəflərlə tam koordinasiyamız var və mən düşünürəm ki, biz tikinti fəaliyyətlərinə, tikinti işlərinə fokuslandığımıza görə işləri gələn ilin əvvəlində tamamlayacağıq və bundan sonra BTQ tam funksional dəmir yolu xətti olacaq.
Bizim bu dəhlizlə pilot nəqllərimiz olub. Lakin biz hazırda infrastruktur fəaliyyətlərinə tam diqqət yetirmək, yolu tamamlamaq qərarı qəbul etmişik və bu yeni dəmir yolu xəttinin tammiqyaslı istismarına çalışırıq. Bu yol Trans-Xəzər nəqliyyat dəhlizinin ayrılmaz hissəsidir. Ona görə də güman edirəm ki, biz artıq gələn il Cənub-Şərqi Asiyadan vacib yükləri qəbul edə, Qərb ölkələrinə nəql edə, eləcə də əksinə hərəkəti təmin edə biləcəyik. Bu, çox yaxşı tərəqqidir”.
Levan Davitaşvili Gürcüstanla Azərbaycan arasında istismara veriləcək yeni “İpək Yolu” gömrük-keçid məntəqəsinin iki ölkənin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına önəmli töhfəsi olacağını vurğulayıb. “Azərbaycan və Gürcüstan – biz ayrılmazıq. Biz mal və xidmətlərin ən sadə nəql imkanlarına malik olmalıyıq, əlbəttə ki, prosedurların da. Biz prosedurları sadələşdirməliyik. Ona görə də biz malların tranziti və kommunikasiya baxımından bu son dərəcə səmərəli platformanı tikirik. Həmçinin gömrük xidmətləri də çox vacibdir. Ona görə də düşünürəm ki, bu, Gürcüstan və Azərbaycan arasında ticarət dəhlizlərinə daha bir töhfə olacaq”.
www.RIA24.az