İranla “Taliban”ın ortaq maraqları və ziddiyyətlər: Su və qaçqınlar – ŞƏRH + FOTO

Siyasət


Əfqanıstanda və İranda inqilab eyni ildə iki ay fərqi ilə baş verib. İraqla müharibədən sonra Tehrandakı rejim ölkəyə nəzarəti ələ keçirdi. Ancaq Əfqanıstanda 1979-cu ildə pozulan düzəni indiyədək nizamlamaq mümkün olmayıb.

Ölkədə vəziyyətin dəyişməsi, gələcəyə inamsızlıq, sabitliyin pozulması, təhlükəsizliyə təminatın olmaması, biri-birini əvəzləyən rejimlərin, xüsusi ilə “Taliban” hökumətinin təzyiq və təqibləri və s. amillər milyonlarla insanın qaçqına çevrilməsinə səbəb olub.

Yeri gəlmişkən, 2021-ci il avqustun 15-də Prezident Əşrəf Qəni hakimiyyəti devrildi, onu “Taliban” hökuməti əvəzlədi. Bu hökuməti beynəlxalq ictimaiyyət tanımasa da, onun təmsilçiləri ilə müxtəlif istiqamətlərdə görüşlər keçirilir.

Qeyd edək ki, BMT-nin məlumatına görə, Əfqanıstanın əhalisinin sayı 22,8 milyon nəfərdir və onlardan 8,7 milyonu aclıqdan əziyyət çəkir. Bu ölkənin dövlət ehtiyatları 9,4 milyard dollardır. “Taliban” hökumətinin isə onun 0,1 faizinə çıxışı var. Dövlət Ehtiyat Fondunun böyük bir qismini ABŞ hakimiyyəti dondurub.

Əfqanıstan dünyanın təbii ehtiyatlar və insan resursları baxımından zəngin ölkələrindəndir. Ancaq onun vətəndaşları dünyanın hər tərəfinə səpələnib.

Əfqanlar ilk növbədə İrana üz tuturlar. Onlar bura qonşu, oxşar dil, din, mədəniyyət və başqa amillər səbəbindən miqrasiya edirlər.

İlk kütləvi köç İran-İraq müharibəsinə təsadüf edir. Onda İranın ali rəhbəri ayətullah Ruhullah Xomeyni yeni yaradılmış İnqilab Keşikçiləri Qvardiyasının yarımhərbi qoşunu “Bəsic” əfqan qaçqınları ilə əməkdaşlıq etməyi əmr edib.

Həmin illərdə İrana 3 milyona yaxın əfqan köçüb. Statistikaya əsasən, müharibədə 2 mindən çox əfqan mühacir həlak olub.

Əfqanıstan sakinləri İranın Xorasan (Türbət-Cam, Türbət-Heydəri şəhərləri), Məşhəd, Tehran, İsfahan, Qum, Fars və Yəzd bölgələrində yerləşiblər.

İran hakimiyyəti ilə “Taliban”ın münasibəti hələ də normallaşmayıb.

“Tələbələr” hakimiyyəti birinci dəfə ələ keçirəndə (1996-2001-ci illərdə) Əfqanıstanın Məzari-Şərif şəhərindəki İran konsulluğunun 10 diplomatını və bir iranlı jurnalisti edam etmişdilər. Bu, tərəflər arasında münasibətin gərginləşməsinə səbəb olmuşdu.

2021-ci ildə isə “Talib” hökuməti İran hakimiyyətinə, onun Əfqanıstandakı diplomatik missiyasına hörmətlə yanaşıb. Hətta tərəflər arasında iqtisadi məsələlər üzrə görüşlər də keçirilib. HƏMAS-İsrail müharibəsi zamanı “Taliban”la Tehran informasiya sahəsində mübadilə etməyi razılaşdırıb.

Ancaq bununla belə tərəflər arasında ziddiyyət qalmaqdadır. 2022-ci ilin yayında “Tələbələr” İrana su nəqlini dayandırdı. Bu il mayın 27-də isə İran-Əfqanıstan sərhədindəki atışma nəticəsində 2 iranlı hərbçi, bir “Taliban” silahlısı ölmüşdü.

Tərəflər arasında biri-birinə təzyiq etmək üçün təsir vasitələrinə, “silahlara” malikdirlər. “Talibançılar” Tehrana su, iki ölkə sərhədində və İran daxilində qarışıqlıq yaratmaqla, qarşı tərəf isə “tələbələrə” əfqan qaçqınları, qaçaqmalçılığın qarşısını almaq kimi vasitələrlə təzyiq göstərə bilirlər.

İranın daxili işlər naziri Əhməd Vahidi ölkəsində 5 milyondan çox əfqan qaçqın olduğunu bildirib. Başqa mənbələrin məlumatına əsasən, onların sayı 7-8 milyon nəfərdir. Son məlumatlara əsasən, İranın 31 əyalətindən 16-na əfqanıstanlı qaçqınların girişi qadağan edilib. Onların arasında Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Gilan, Mazandaran, Sistan-Bəlucistan əyalətləri də var. Son bir neçə ayda İran yarım milyon əfqan qaçqını deportasiya edib.

Əfqan qaçqınlar üçün qadağan olunan bölgələr bir sıra baxımdan həssasdır. Tehran hakimiyyəti onların həmin ərazilərdə arzuolunmaz hadisələr törədəcəklərindən ehtiyat etdikləri üçün məskunlaşmaları üçün məhdudiyyət tətbiq edib. İraqla müharibədə əfqanıstanlı qaçqınların xidmətindən yararlandığını nəzərə alsaq Tehranın onların döyüş qabiliyyətindən ehtiyat etdikləri qənaətinə də gəlmək olar.

İran “Taliban”a əfqan qaçqınları deportasiya etməklə daha çox təzyiq göstərir. Çünki rəsmi Kabul indiki iqtisadiyyatla deportasiya olunmuş əfqanları qəbul etməyə qadir deyil. Bu, onu kollapsa sala bilər. Odur ki, ona görə də “tələbələr” ya qonşu dövlətə suyla təzyiq göstərir, ya da müxtəlif səviyyəli danışıqlarla yola getməyə çalışır.

Tehran bu silahdan Əfqanıstandakı mülki hakimiyyətlərə qarşı da istifadə edib. Onların biri-birinə qarşı istifadə etdiyi su və qaçqın silahı ilə yanaşı, ortaq mənafeləri də yox deyil. İran daha çox regionun narkotik maddələrin tranzit ölkəsi sayılır. Əfqanıstan dünyanın narkotik maddələr istehsalı üzrə monopolistlərindəndir. 2000-ci ildə bu dövlət dünya tiryək istehsalının 70 faizini ixrac edirdi. 2017 və 2021-ci illər arasında sintetik narkotik metamfetaminin dövriyyəsi də on dəfədən çox artıb. “Taliban” hökuməti dövründə də bu sahə inkişaf edib. İran isə Yaxın Şərqə, Cənubi Qafqaza ən çox metamfetamin ötürən ölkədir. Narkotik maddələrin qanunsuz dövriyyəsindən isə hər iki tərəfdə qazanırlar. Bu baxımdan Tehranla “Taliban”ı ortaq da sayırlar. Ona görə də ehtimal etmək olar ki, tərəflər metamfetaminin “vasitəçiliyi” ilə dil tapırlar…

“Report” İnformasiya Agentliyi

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir