Prezident İlham Əliyev “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.
Bu barədə President.az xəbər verir.
Fərmanla müəyyən edilir ki:
“1.1. “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.7-ci, 1.1.11-ci, 4.2-ci, 14.2-ci maddələrində, 15.3-cü maddəsinin birinci cümləsində, 16.2-ci, 17.1-ci, 17.2-ci, 20.1-ci maddələrində və 21.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 15.3-cü maddəsinin birinci cümləsində və 20.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 1.1.7-ci, 1.1.11-ci və 17.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Qanunun 4.2-ci maddəsində “orqan (qurum)” dedikdə karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənilməsi, hasilatı, neftin və qazın ixrac boru kəmərləri vasitəsilə nəqlinə münasibətdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, elektrik enerjisinin paylayıcı şəbəkəsinin, qazpaylayıcı şəbəkənin və qaz anbarlarının idarəetməyə verilməsinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 14.2-ci, 16.2-ci, 17.1-ci maddələrində və 21.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur”.
Fərmanla əlaqədar Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Energetika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək həvalə olunub. Həmçinin, NK həmin qanunun 17.2-ci maddəsinə uyğun olaraq, enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət qaydasını beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, eləcə də qanundan irəli gələn digər məsələləri həll etməlidir.
“Energetika haqqında” Azərbaycan Respublikası Qanunu ilə bu keçiddən tanış olmaq mümkündür.
www.RIA24.az