Metyu Brayza: “Azad edilmiş ərazilərdə aparılan işlərin keyfiyyətindən çox təsirləndim”

Siyasət


“İşğaldan azad edilmiş ərazilərdə aparılan işlərin keyfiyyətindən və strateji planlaşdırmadan çox təsirləndim”.

APA xəbər verir ki, bunu dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edən ABŞ-nin ölkəmizdəki sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza jurnalistlərə açıqlamasında deyib.

“Zəngilana dünənki səfərimiz çox böyük təəssürat yaratdı. Mən Azərbaycanda hələ bu qədər genişmiqyaslı yenidənqurma işləri görməmişdim. Mən sadəcə tikinti işlərinin keyfiyyətindən deyil, strateji planlaşdırmadan dərindən təsirləndim. Bu ərazilərin yenidənqurma planı üzərində çox düşünülüb. Bu, iqtisadi həyatı, şəhərin ruhunu yenidən dirçəltmək, məcburi köçkünlərə indi Bakıda malik olduqlarından daha yaxşı həyat şəraiti yaratmaq məqsədi daşıyır”, – Metyu Brayza qeyd edib.

O vurğulayıb ki, genişmiqyaslı tikinti işlərinin, həmçinin mina probleminin qalması fonunda insanların qayıdışının baş verməsi heyrətamizdir. Brayza Ermənistanın minaladığı Azərbaycan ərazilərinin dəqiq xəritəsini heç vaxt vermədiyini xatırladıb:

“Məni daha iki məqam da çox diqqətimi çəkdi. Bütün bu planlaşdırma, tikinti, insanların qayıdışı hələ də mövcud olan mina problemi fonunda baş tutur. Çünki Ermənistan tərəfi heç vaxt (minalanmış ərazilərin) dəqiq xəritələrini verməyib. Beləliklə, qayıdan insanlar üçün risk var, çünki minalar hələ də qalır. Buna baxmayaraq, tikinti işləri çox sürətlə və uğurla aparılır. Digər güclü təəssürat isə budur ki, ehtimal ki, müasir tarixdə bu cür tamamilə dağıdılmış ərazi nümunəsi olmayıb. Bu, (dağıntılar) çox genişmiqyaslıdır. Bu ərazilər tamamilə yenidən inşa ediləcək və bu rayonlara qayıdacaq insanlar üçün normal həyat şəraiti yaradılacaq. Bu, güclü reallıq, nəhəng məqsəddir və bütün dünya üçün nümunə olmalıdır”.

Metyu Brayza ADA Universitetindəki konfransın uğurlu keçdiyini, Prezident İlham Əliyevin Azərbaycanın gələcəyinə dair baxışını aydın şəkildə ifadə etdiyini deyib:

“Konfransa gəldikdə isə bizim Prezident Əliyevlə üç saatlıq müzakirəmiz oldu və o, hər kəsin suallarına cavab verdi… O, çox aydın, səmimi, həmçinin strateji idi. O, Azərbaycanın gələcəyi üçün baxışını, həmçinin dostlarla, Mərkəzi Asiya, Avropa və ABŞ ilə əməkdaşlığı təsvir etdi”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir