Azərbaycanın praqmatik siyasəti və Aİ: Hədəfimiz üzvlük deyil – ŞƏRH + FOTO

Siyasət


Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət kursu ilə bağlı vacib bəyanatla çıxış etdi. ADA Universitetində dekabrın 6-da keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda xarici ekspertlərin suallarını cavablandırarkən bəyan edib ki, Azərbaycan xarici siyasət konsepsiyasında Avropa İttifaqının (Aİ) üzvü olmağı hədəfləmir.

Prezident bu kursu izah da edib:

“Bu, çox praqmatik yanaşmadır, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Bunun səbəbi də bəllidir. Yəni Azərbaycanı oraya qəbul etməyəcəklərsə, biz nədən o qapını döyək və ev yiyəsini nəyə görə narahat edək? Eyni zamanda, özümüzü niyə bir növ biabır edək? Biz bunu hədəfləmirik, biz əməkdaşlıq qurmağın, əlaqələr qurmağın yolunu tapmışıq”.

Dövlət başçısının sözləri bir daha onu göstərir ki, Azərbaycan xarici siyasət kursunda real olmayan işlərdən ötrü haqlı olaraq resurs, güc və zaman xərcləmək istəmir.

Qardaş Türkiyənin uzun illər Avropa İttifaqı ilə bağlı təcrübəsi buna sübutdur. Xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldikdən sonra Türkiyə Aİ üzvlüyü üçün real addımlar atdı, güc sərf etdi, fəal siyasət yürütdü. Amma nəticə olaraq Aİ qapılarını Ankaranın üzünə açmadı. Bir müddət müəyyən bəhanələr gətirilsə də, sonradan tam aydın oldu ki, Türkiyənin Avropa ailəsinə qəbul edilməməsində heç bir siyasi və ya iqtisadi səbəb yoxdur. Ərdoğanın “Avropa İttifaqı qapalı xristian klubudur” bəyanatı bir çox məsələlərə aydınlıq gətirdi. Bu fonda Almaniya, Fransa, Niderland siyasətçilərinin, o cümlədən dövlət başçılarının “Türkiyə heç vaxt Aİ üzvü ola bilməz” tipli ifadələri mozaikanı tamamladı.

Buna paralel olaraq siyasi və iqtisadi cəhətdən Türkiyədən qat-qat geri olan, coğrafi baxımdan ümumiyyətlə Avropa qitəsinə aid olmayan yunan Kipri Aİ-ə üzv qəbul edildi.

Ümumiyyətlə, Aİ yaradılarkən məqsəd Qərbi Avropada olan ölkələr arasında vahid xarici siyasət kursunun aparılması, iqtisadi siyasətin uyğunlaşması, vətəndaşların üzv ölkələrə gediş-gəlişinin rahatlaşması idi. Sonradan Şərqi Avropa ölkələri özlərini Rusiyadan qorumaq üçün NATO və Aİ-yə üzv olmağa can atdılar və Brüssel də Aİ genişlənməsini özünün əsas strategiyası kimi elan etdi. Postsovet ölkələri olan Gürcüstan, Ukrayna, Moldovanın ittifaqa üzvlüyə cəhdi isə daha çox prestij məsələsidir. Maraqlıdır ki, Gürcüstan və Ukrayna birmənalı Qərb siyasəti nəticəsində torpaqlarının bir hissəsindən məhrum olsalar da, Brüssel bu ölkələri viza rejiminin ləğvinin mümkünlüyü ilə şantaj etməkdən də çəkinmir.

Bütün bu deyilənlər fonunda rəsmi Bakının özünün xarici siyasət prioritetlərini dəqiq formalaşdırması ətraf ölkələrdə baş verən proseslərdən düzgün nəticə çıxarmasının nəticəsidir. Aİ üzvlüyünə boşuna sərf edilən gücü ölkənin xarici siyasət kursunun prioritet sayılan istiqamətlərinə daha da effektiv yönəltmək olar.

Sirr deyil ki, Avropa Azərbaycanı tərəfdaş kimi görsə də, ailə üzvü kimi nəzərdən keçirmir və bu yanaşmanın nə vaxtsa dəyişəcəyi inandırıcı deyil. Nəticəsi əvvəlcədən mənfi olacağı məlum olan işə baş qoşmamaq Azərbaycanın xarici siyasətdə praqmatik kursa riayət etdiyinin göstəricisidir.

Rəsmi Bakı Aİ ilə əməkdaşlıq etməkdə maraqlıdır və prezident də bunu açıq elan edib. Tərəflər ikitərəfli münasibətləri yeni mərhələyə daşıyacaq müqavilə üzərində müzakirələri davam etdirirlər. Məhz belə praqmatik yanaşma Azərbaycanı yuxarıda adları çəkilən postsovet ölkələrindən fərqləndirir və məhz belə praqmatik siyasət 30 ilə yaxın davam edən separatizm probleminin həllinə yardımçı oldu.

“Çağırılan yerə ar, çağırılmayan yeri dar eləmə” kimi atalar sözümüz var. Avropa dillərində bunun qarşılığı, yəqin ki, çətin olar. Bu ifadədən fərqli olaraq, Prezident İlham Əliyev hamının anladığı dildə, açıq şəkildə bəyan etdi: “Aİ hədəfimiz deyil”.

“Report” İnformasiya Agentliyi

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir