Müstəqillik və suverenliyimizin təsbiti: Prezidentdən tarixi qərar

Siyasət


Azərbaycan son bir neçə ildə dövlətçilik tarixinin demək olar ki, ən mühüm nailiyyətlərinə imza atıb. 

Bu proseslər bir-biri ilə bağlı şəkildə, mərhələli şəkildə planlanıb və dövlətimizin, xalqımızın gərgin səyləri nəticəsində ərsəyə gəlib. Müstəqilliyin ilk illərində yaşanan ağrılı günlərdən sonra Azərbaycan dövləti inkişaf və tərəqqi yoluna qədəm qoyub. Bütün bu illər ərzində isə əsas məqsəd və amal itirilmiş, işğal edilmiş torpaqların azad edilməsi, tarixi həqiqətin, ərazi bütövlüyümüzün bərpası olub. Prezident İlham Əliyevin öndərliyində Azərbaycan dövləti addım-addım sözügedən məqsədə doğru irəliləyib. 

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problem – ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. 

Cəmi iki il sonra 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi uzun illər ərzində ilmək-ilmək işlənmiş prosesin məntiqi nəticəsi idi. Tarixi zəfər çalan Azərbaycan Ordusu öz liderinin öndərliyində həm də ədaləti bərpa etdi və region üçün yeni dönəmin başlanğıcını qoydu. 2023-cü ilin sentyabrın 20-də başlayan və qısa müddətdə separatizmin süqutu ilə nəticələnən antiterror tədbirləri ilə Azərbaycan öz şanlı tarixinə növbəti uğuru yazdı. Ölkəmiz öz suverenliyini bərpa etdi. 

Azərbaycanın bütün ərazilərində Şanlı bayrağımız dalğalandı və bütövlükdə Cənubi Qafqazın tarixində mühüm dönüş nöqtəsi formalaşdı. Azərbaycan dövlətinin və onun qüdrətli ordusunun yaratdığı yeni reallıqlar bu gün bütövlükdə regionumuzun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan sülh şəraitində yaşam və dinc inkişaf üçün yeni şərtləri müəyyən edir və bu mənada regionun diktə edən dövləti funksiyasını yerinə yetirir. 

İşğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa prosesi isə ümumən Cənubi Qafqazın gələcək dinc inkişaf yoluna işıq tutur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarı da böyük önəm və tarixi əhəmiyyət daşıyır. Belə ki, müstəqil Azərbaycan tarixində seçkilər ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilir. Bu seçkilər həm də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təsbiti kimi xarakterizə oluna bilər.

Orxan Tağıyev

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir