Prezident İlham Əliyev fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli növbədənkənar seçkini tarixi hadisə adlandırıb:
“Düşünürəm ki, 7 fevral növbədənkənar seçkisi Azərbaycan tarixinin ən önəmli seçkisi olacaq. Çünki Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən şəkildə seçkidə iştirak edəcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçki bütün ölkə ərazisində keçiriləcək. Bu seçki ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq qalib ölkə vətəndaşı kimi seçkidə iştirak edəcək”.
Hacıbəy Heydərli deyib ki, Azərbaycan son 5 ildə tarixi zəfərlər qazanıb:
“Prezident İlham Əliyev 2018-ci il inaqurasiya çıxışı zamanı bəyan etmişdi ki, Azərbaycan öz ərazilərində qondarma rejimin olması ilə, torpaqlarımızın işğal altında qalması ilə barışmayacaq.
2020-ci ildə 44 günlük vətən müharibəsi nəticəsində 30 ildir düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edildi, 2023-cü ildə lokal antiterror tədbirləri nəticəsində isə ölkənin suverenliyi tam təmin olundu, qondarma rejim gorbagor oldu. Xankəndidə hərbi parad keçirildi, Azərbaycan müharibədə tam qalib gələn ölkə kimi adını tarixə yazdırdı.
Azərbaycan tarixi zəfər qazanmaqla yanaşı dünyada baş verən proseslərdə də aparıcı rola malik olduğunu sübut etdi. Koronavirus pandemiyası zamanı Prezident İlham Əliyev dünya lideri kimi proseslərin önündə idi. Bununla yanaşı istər Rusiya-Ukrayna müharibəsində, istər İsrail-HƏMAS müharibəsində Azərbaycanın mövqeyi, müstəqil xarici siyasəti dünya ölkələrinə nümunə ola bilər”.
Baş redaktor qeyd edib ki, Azərbaycan xalqı fevralın 7-də düzgün qərar verəcək:
“7 fevral xalq-dövlət birliyinin qüdrətinə bütün dünya bir daha şahid olacaq. Azərbaycan xalqı yenə də inkişafa, sabitliyə, tərəqqiyə səs verəcək”.
www.RIA24.az