Türk dövlətlərinin İKT üzrə məsul nazirlərinin beşinci iclası keçirilib – FOTO

Siyasət


Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə məsul nazirlərinin beşinci iclası keçirilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir.

Məlumata görə, toplantının gündəliyində duran rəqəmsal infrastrukturun inkişafı, kibertəhlükəsizlik və elektron hökumət kimi bir sıra məsələlər ətraflı müzakirə edilib.

Tədbirdə iştirak edən nazir müavini Samir Məmmədov çıxış edərək rəqəmsal transformasiyanın Azərbaycan hökumətinin gündəliyində duran prioritet məsələlərdən biri olduğunu bildirib. O, ölkəmizdə innovasiya, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON (Gigabit Passive Optical Networks) texnologiyası ilə müasir genişzolaqlı şəbəkənin qurulması ilə əlaqədar aparılan işlər, işğaldan azad edilmiş ərazilərdə “ağıllı” şəhər və kəndlərin qurulması, elektron hökumət, elektron imza, hökumət buludu və kibertəhlükəsizlik istiqamətlərində aparılan işlər barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.

Görüşün yekununda TDT-yə üzv dövlətlərin İKT sahəsinin inkişafına dair Birgə Bəyannamə qəbul edilib.

Xatırladaq ki, təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan təşkilatın ilk dörd təsisçi ölkəsindən biridir və hazırda Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə ilə yanaşı, təşkilatın üzvüdür.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir