“Azərbaycan və Ermənistan arasında ikitərəfli dialoqun alternativi yoxdur”.
Bu sözləri Oxu.Az-a açıqlamasında erməni ictimai-siyasi xadim, Rusiya Humanitar və Beynəlxalq Proqramlar üzrə “Kupol” Fondunun Himayəçilər Şurasının sədri Sarkis Asatryan deyib.
Onun sözlərinə görə, adətən, məhz münaqişə edən tərəflər arasında danışıqların ikitərəfli formatı davamlı sülhə səbəb olur və bunu çoxsaylı tarixi nümunələr də sübuta yetirir. Əgər dialoq əvəzinə yalnız iddialar və ittihamlar varsa, o zaman münaqişə bitməyəcək:
– Əgər biz regionumuzda birdəfəlik sülhün bərqərar olmasını istəyiriksə, o zaman danışıqlar masası arxasında müzakirə edib, münasibətlərimizi yoluna qoymalıyıq. Bu yaxınlarda Bakı-İrəvan birgə bəyanatı Azərbaycan və Ermənistan rəhbərliyinin siyasi iradəsi sayəsində mümkün olmuş misli görünməmiş bir hadisədir. Ölkələrimiz arasında münasibətlərin tarixində ilk dəfə olaraq ikitərəfli əsasda çoxvektorlu məsələlər həll olundu. Hesab edirəm ki, Bakıda və İrəvanda Ermənistan və Azərbaycanın diplomatik nümayəndəliklərinin olmamasına baxmayaraq, bu proses uğurla davam etdiriləcək. Amma sülh müqaviləsi imzalanandan sonra, hansı ki çox tezliklə baş verməlidir, səfirliklər açılacaq, bir çox məsələlər işlək şəkildə həll olunacaq.
– Vurğuladığınız sülh müqaviləsi eynilə ikitərəfli formatda, vasitəçilərsiz imzalana bilərmi? Bəs buna vasitəçi olmağa iddialı olan Fransa, ABŞ və Rusiya necə reaksiya verəcəklər?
– Ermənistan da, Azərbaycan da suveren dövlətlərdir. Təbii ki, onlar vasitəçisiz danışıqlar aparmağa çalışmalıdırlar. Baxmayaraq ki, Bakı və İrəvan birbaşa razılığa gəlsələr, bəzi ölkələr özlərini o qədər də komfortlu hiss etməyəcəklər. Məsələ ondan ibarətdir ki, bir çoxları üçün sülh müqaviləsinin adı əhəmiyyət daşıyır, bu isə imzalanma məkanından asılıdır. Məsələn, Vaşinqton sülh müqaviləsi, Paris sazişi, Brüssel müqaviləsi və sair. Qərb üçün sənədin məzmunu və mahiyyəti deyil, adı önəmlidir. Odur ki, bizim rəhbərlərimiz siyasi təmkin nümayiş etdirməli, bu həssas məqamlardan yan keçərək sülh razılığına gəlməlidirlər. Vasitəçilərin rolu isə prosesi sürətləndirməkdən ibarət olmalıdır, nəinki yorğanı öz üzərinə çəkərək razılaşmanı tormozlamaq.
Mən düşünürəm ki, sülh sazişi Ermənistan-Azərbaycan sərhədində imzalana bilər. Niyə bu tədbirin keçiriləcəyi yerdə “sülh çadırı” qurmayaq? Əgər maşınla sərhəddə görüşmək mümkündürsə, niyə xüsusi şəkildə Vaşinqtona və ya Parisə uçmaq lazımdır? Əgər beynəlxalq ictimaiyyətdən qarantlar lazımdırsa, o zaman belə qurumlar var – BMT, ATƏT, onların nümayəndələri, bəlkə də, hətta BMT-nin baş katibi də imzalanma mərasiminə dəvət oluna bilər. Böyük regional güclərin – Rusiya, Türkiyə və İranın iştirakı da mümkündür. Mən bunu belə görürəm.
Sülh müqaviləsinin mətni isə demək olar ki, hazırdır. İndi o, yoxlamadan keçirilir, mütəxəssislər onu öyrənirlər, son tamamlama işləri aparılır.
– Bəs Ermənistanda Azərbaycanla sülh sazişinin imzalanmasına necə reaksiya verəcəklər? Belə ki, İrəvanda Ermənistan-Azərbaycan birgə bəyanatı dərc edildikdən sonra bir çox müxalif siyasətçilər və deputatlar ikitərəfli formatın, Azərbaycanla razılaşmanın əleyhinə çıxdılar.
– Əgər siz Ermənistan parlamentində təmsil olunan müxalifəti nəzərdə tutursunuzsa, onun, həqiqətən də, böyük maliyyə və media resursları var. Amma müxalifət ölkə əhalisinin dəstəyini ala bilmədiyi üçün Ermənistanda daxili siyasi vəziyyətə təsir edə bilmir. Mən parlamentdə təmsil olunan partiyalardan biri – Daşnaksütyunla bağlı fikrimi deyə bilərəm. Bu qüvvə dağıdıcıdır, o, Ermənistanın özünə ziyan vurur. Düşünürəm ki, növbəti seçkilərdə xalq əsas məqsədi müharibə və qonşulara nifrət etməkdən ibarət olan bu marginal partiyanı iqnor edəcək. Ölkələrimiz xalqlar arasında nifrət üçün zəmin yaradan marginal qüvvələrin təsirindən qurtulmalıdır. Nifrət nitqini qadağan edən qanunlar qəbul etməliyik.
Nair Əliyev
www.RIA24.az