Tarixi fürsət: Ermənistan sülhə alternativin olmadığını anlayır – ŞƏRH + FOTO

Siyasət


İkinci Qarabağ müharibəsindən sonra Ermənistan ilk dəfədir ki Azərbaycanla yekun sülh sazişinin imzalanmasına doğru səmimi təsir bağışlayan addımlar atır. Üçillik postmüharibə dövründə dəfələrlə sülh danışıqlarının imzalanmasını uzadan, sərhəddə gərginliklər, təxribatlar törədən Ermənistan nəhayət anlamağa başlayır ki, regionun gələcəyi mehriban qonşuluq və sülh danışıqlarından keçir. Çünki bölgənin iqtisadi cəhətdən dirçəlişi, xalqının rifahı üçün danışıqlar yeganə çıxış yoludur.

Yeri gəlmişkən, Azərbaycanın sentyabrın 19-20-də antiterror əməliyyatları ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra iki ölkə arasında sülh sazişinin imzalanmasına gedən yolda ciddi nailiyyətlər əldə olunmaqdadır. Xüsusilə də dekabrın yeddisində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar öz müsbət nəticələrini verməkdədir. Onların yaydığı birgə bəyanat etimad quruculuğu istiqamətində iki ölkə arasında əldə olunmuş çox ciddi nailiyyət kimi qiymətləndirilir. Bunun bir müsbət mənası da ondan ibarətdir ki, tərəflər nəticə əldə etdilər – həm əsirləri dəyişdilər, həm də beynəlxalq təşkilatlar daxilində bir-birinin namizədliyinə veto qoymadılar. Ən əsası da, hər iki dövlət buna birbaşa təmaslar nəticəsində nail oldu, hər hansı üçüncü ölkənin müdaxiləsi və ya vasitəçiliyi olmadı. Bununla da Azərbaycan daha öncə etdiyi çağırışlar və verdiyi təkliflərlə haqlı olduğunu bir daha sübuta yetirdi.

Ötən gün humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri – hərbçilərin dəyişdirilməsi prosesi baş tutub. Bu addımın ardınca bu gün daha bir mühüm sənədlərə imza atılıb. Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyalar arasında iclasların və birgə işçi görüşlərin təşkili, keçirilməsi qaydası məlum olub. Baş Nazir Əli Əsədovun təsdiqlədiyi reqlamentə əsasən, iclasların və birgə işçi görüşlərin keçirilməsi tarixi, vaxtı və yeri komissiyaların sədrləri arasında razılaşma ilə müəyyən olunacaq.

Sənədlərin təsdiqlənməsindən sonra erməni tərəfi Azərbaycanın tələbi ilə Arazdəyəndə inşası dayandırılan “Erməni-Amerikan” metallurgiya zavodunu başqa yerə köçürmək barədə qərar qəbul edib. Bildirilib ki, amerikalı investorların vəsaiti hesabına Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə tikintisi dayandırılan Arazdəyən metallurgiya zavodu hökumətin bu gün qəbul etdiyi qərara əsasən köçürüləcək. Zavod Vedi rayonunun kəndlərindən birinin ərazisində tikiləcək.

Qeyd edək ki, bundan əvvəl, noyabrın 30-da Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların iki ölkənin sərhədində baş tutan görüşü konstruktiv qiymətləndirilib. Danışıqlarda bəlli bir prosedur xarakterli razılıqlar əldə edilib. Komissiyanın işinin reqlamentinin müəyyən edilməsinə dair tərəflər qarşılıqlı şəkildə sənəd mübadilələrini həyata keçiriblər.

Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan tərəfi artıq ölkəsinin və bütövlükdə regionun gələcəyinin sülh prosesindən keçdiyini anlayır. Azərbaycan da uzun illərdir ki qarşı tərəfə məhz bunu aşılamağa çalışıb, onun səsləndirdiyi bəyanatlar da məhz buna yönəlib. “Regionun problemlərinin həllini ölkələrin özləri həll etməlidir, kənar dövlətlər yox” prinsipinin ən düzgün yol olduğu artıq hər kəs tərəfindən başa düşülür.

Ermənistandan alınan yeni təkliflər paketində nikbinlik olduğunu rəsmi Bakı da təsdiq edib. Bu addımlarla neqativ keçmişi olan məsələlərin addım-addım irəli aparıla bilinəcəyi vurğulanır. Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla keçirdiyi görüşdə də bu məsələyə toxunub və bildirib ki, Ermənistan öz istəklərini deyil, beynəlxalq hüquqa hörməti sərgiləyərsə, müsbət nəticə əldə etmək mümkündür. O, Ermənistanla münasibətlərin normallaşmasının real göründüyünü də xüsusi vurğulayıb.

Beləliklə, artıq deyə bilərik ki, münaqişədən sonra Ermənistanla normallaşma əlaqələrinin yaranmasında tarixi fürsət yetişib. Ümid etmək olar ki, erməni tərəfi sülh prosesinə sona kimi sadiq qalacaq. Məhz belə olan təqdirdə müsbət nəticələr əldə ediləcəyi real görünür.

“Report” İnformasiya Agentliyi

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir