Sahibə Qafarova Naam Miyara ilə azad edilmiş ərazilərin bərpasından danışıb – YENİLƏNİB + FOTO

Siyasət


Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 14-də Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatasının sədri Naam Miyara ilə görüşüb.

Milli Məclisdən verilən məlumata görə, Azərbaycanın parlament sədrini səmimiyyətlə salamlayan Naam Miyara ölkələrimiz arasında siyasi təmasların vacibliyini vurğulayıb.

O, bu mənada qarşılıqlı səfərin əhəmiyyətini qeyd edib. Müşavirlər Palatasının sədri ölkəsinin Azərbaycanla bir çox sahələrdə əlaqələri gücləndirmək niyyətini ifadə edib.

Görüşdə ölkələrimiz arasında dini və mədəni köklərə bağlı əlaqələrin mövcud olduğu, xalqımızın oxşar dəyərləri bölüşdüyü bildirilib. Həmçinin, Azərbaycan və Mərakeşin beynəlxalq təşkilatlarda əməkdaşlıq etdiyi, həmrəylik nümayiş etdirdiyi vurğulanıb.

Söhbət zamanı ölkələrimizin hər zaman bir-birinin ərazi bütövlüyünə qarşılıqlı dəstək verdikləri qeyd olunub. Naam Miyara Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi münasibətilə təbriklərini çatdıraraq deyib ki, bu, Azərbaycanın mütləq haqqı idi.

Naam Miyara görüşdə, həmçinin Müşavirlər Palatasının fəaliyyəti, onun beynəlxalq parlament təşkilatlarında təmsilçiliyi haqqında məlumat verib.

Səmimi sözlər üçün təşəkkürünü ifadə edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan və Mərakeşin dost, tərəfdaş ölkələr olduğunu bildirib. Spiker Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ildə Kasablankaya səfər etdiyini və Mərakeş Kralı mərhum II Həsənlə görüşünü qeyd edib. Onun sözlərinə görə, bu görüş ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına mühüm təkan verib.

Görüşdə iqtisadi əlaqələrin ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən biri olduğu, bu sahədə əməkdaşlığı genişləndirmək üçün potensial imkanların mövcudluğu qeyd edilib.

Söhbətdə parlament diplomatiyasının vacibliyi, parlamentlərarası əlaqələrin gücləndirilməsi ilə bağlı ortaq mövqe ifadə edilərək, bu sahədə atıla biləcək addımlar nəzərdən keçirilib.

Spiker Sahibə Qafarova söhbətdə postmünaqişə dövründə regionda mövcud olan vəziyyət barədə də məlumat verib. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan 2020-ci ildə öz gücü hesabına torpaqlarını Ermənistanın 30 illik işğalından azad edib. O, Vətən müharibəsindən sonra Azərbaycanın Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamasını təklif etdiyini, lakin Ermənistanın son 3 il ərzində siyasi və hərbi təxribatlarını davam etdirdiyini, üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini diqqətə çatdırıb. Spiker bu təxribatların Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsini qaçılmaz etdiyini, həyata keçirilən tədbirlərin beynəlxalq hüquq normalarına tam uyğun olduğunu, mülki şəxslər arasında heç bir itki olmadığını vurğulayıb. O, deyib ki, bu tədbirlər nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib.

Milli Məclisin sədri hazırda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərini “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu işlərə ən böyük maneə Ermənistan tərəfindən ərazilərin minalanmasıdır.

Görüşdə, həmçinin Azərbaycan və Ermənistan arasında etimad quruculuğu istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verilərək, tezliklə sülh sazişinin imzalanacağına dair ümid ifadə edilib.

Milli Məclisin sədri görüşdə 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə toxunaraq, bu seçkilərin tarixi əhəmiyyətini qeyd edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

21:14

Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkə Parlamentinin Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami Milli Məclisin sədri Sahibə Qafarovanı səmimiyyətlə salamlayaraq, dəvəti qəbul edib səfərə gəldiyinə görə Azərbaycan parlamentinin rəhbərinə təşəkkür edib.

Azərbaycanın ölkəsi üçün qardaş ölkə olduğunu deyən Raşid Talbi El Alami ölkələrimiz arasında əlaqələrin genişlənməsinin vacibliyini qeyd edib. O, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, işgüzar dairələr arasında əlaqələrin əhəmiyyətini diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycan və Mərakeşin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəklədikləri qeyd olunaraq, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin və həmrəyliyin əhəmiyyəti vurğulanıb. Nümayəndələr Palatasının sədri Azərbaycanı öz suverenliyini bərpa etməsi münasibətilə təbrik edib.

Raşid Talbi El Alami ölkəmizə səfərləri çərçivəsində 2022-ci ilin iyun ayında Qoşulmama Hərəkatının Bakı konfransında və 2023-cü ilin may ayında Milli Məclisin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakını məmnunluqla xatırladaraq, ölkəmizlə bağlı xoş fikirlərini ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycan və Mərakeş arasında siyasi, iqtisadi, himanitar əlaqələrin vacibliyini diqqətə çatdırıb.

Görüşdə ikitərəfli əlaqələrin inkişafında parlamentlər arasında əməkdaşlığın vacib rolu diqqətə çatdırılıb. Spiker Sahibə Qafarova qanunvericilik orqanlarımız arasında əlaqələrin inkişaf etdiyini bildirib. Qeyd olunub ki, hər iki ölkənin parlamentində dostluq qrupları uğurla fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq parlament təşkilatlarında bir-birinə dəstək verirlər.

Görüşdə ali qanunvericilik orqanlarının komitələri və parlament aparatları arasında da əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin, qanunverici orqanlarımızın hüquqi, iqtisadi, humanitar, ailə dəyərləri və qadın məsələləri üzrə birgə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi nəzərə alınaraq, parlamentlərimizin iqlim dəyişiklikləri üzrə də əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Raşid Talbi El Alami Azərbaycanın bu tədbirə ev sahibliyi etmək hüququ əldə etməsi münasibətilə öz təbriklərini çatdırıb.

Milli Məclisin sədri parlamentlərimizin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də əməkdaşlığının vacibliyini ifadə edərək, Şəbəkənin bu günə qədər keçirilən bütün konfranslarında Mərakeşin ən yüksək səviyyədə təmsil olunduğunu məmnunluqla xatırladıb. Sahibə Qafarova Nümayəndələr Palatası sədrinin Qoşulmama Hərəkatının Bakı konfransında və Milli Məclisin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakına görə minnətdarlığını bildirib.

2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərindən danışan spiker Sahibə Qafarova bu seçkiləri tarixi seçkilər kimi xarakterizə edib. O, deyib ki, bu seçkiləri əvvəlkilərdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, bu dəfə seçkilər Azərbaycanın bütün suveren ərazisində keçiriləcək.

Görüşdə spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, 30 il ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub. Bu 30 ildə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsinə dair bir çox sənədlər və qətnamələr qəbul olunsa da, bu sənədlər icra olunmayıb. 2020-ci ildə isə Azərbaycan öz gücü hesabına, 3 000 şəhidin qanı bahasına torpaqlarını işğaldan azad edib.

Milli Məclisin sədri ölkəmizin Vətən müharibəsində qazandığı Qələbədən sonra regionda yaranmış yeni reallıqlar barədə də məlumat verib. Sahibə Qafarova cari ilin sentyabr ayında uğurla yekunlaşan lokal antiterror tədbirləri nəticəsində Qarabağda separatizmə son qoyulduğunu, suverenliyimizin tam bərpa edildiyini diqqətə çatdırıb. O, hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Mərakeş tərəfinə təşəkkürünü ifadə edib.

Milli Məclisin sədri son günlərdə Azərbaycan və Ermənistan arasında etimad quruculuğu istiqamətində həyata keçirilmiş tədbirlər haqqında da məlumat verib. O bildirib ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. O, sazişin tezliklə imzalanacağına ümid etdiyini qeyd edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İmamverdi İsmayılov, qrupun üzvü Ağalar Vəliyev, Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov və digər rəsmi şəxslər iştirak ediblər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir