“Prezidentin rəhbərliyi ilə qazanılan tarixi zəfər yeni reallıqlar və çağırışlar yaradıb” – RƏY

Siyasət


“Azərbaycan xalqının bütün hüquqlarını özünə qaytaran Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi zəfər yeni reallıqlar və çağırışlar yaradıb”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin dekabrın 19-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əldə edilən tarixi nailiyyətlərin Azərbaycan xalqının gücünə güc qatması, həyata keçirilən işlərin davamı ölkəmizin siyasi, hərbi, diplomatik meyarı İlham Əliyevlə bağlıdır.

Deputat Bəhruz Məhərrəmov söyləyib ki, Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar prezident seçkisində İlham Əliyevin namizədliyini müəyyən etməklə ilk növbədə xalqın tələbini, cəmiyyətin təkidli sifarişini yerinə yetirib:

“Elan edilən növbədənkənar prezident seçkisi sağlam siyasi rəqabət şəraitində yeni reallığa keçidi təmin edən demokratik imkandır. Bu gün heç bir siyasi qüvvənin İlham Əliyevin namizədliyi qarşısında şansı yoxdur, amma bu prosesdə hər kəsə cəmiyyətin və dövlətin siyasi həyatında, habelə dövlətin idarə olunmasında iştirak etmək hüququnu reallaşdırmaq üçün sağlam şərait yaradılıb. Konstruktiv müxalifətin rahat şəkildə seçki marafonuna qatılması bu reallığı bir daha təsdiq edir”.

Parlamentin digər üzvü Musa Qasımlı qeyd edib ki, YAP-ın qərarı millətimizin bu gününə və gələcəyinə hesablanmış ən doğru qərardır:

“Seçki hər bir cəmiyyət üçün barometrdir. Siyasi partiyalar demokratik cəmiyyətin normasıdır. Siyasi partiya üçün hakimiyyətə gəlməyin yolu seçkidir. Seçkini boykot edib-etməmək qərarı hər bir siyasi partiyanın müstəsna hüququdur. Amma siyasi partiya hakimiyyətə gəlmək üçün yaradılır, onun yolu seçkidən keçir. Əgər bir siyasi partiya seçkidə iştirak etmirsə, o hansı yolla hakimiyyətə gəlmək istəyir? Hakimiyyətə gəlməyin yolu seçkidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin alternativi yoxdur, millətimizin tək namizədidir”.

Deputat Kamilə Əliyeva bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə ölkəmizin nüfuzu günbəgün artmaqdadır:

“Azərbaycanın müstəqil siyasət aparması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşması, eləcə də öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkəmizə hörməti artırıb. COP29-un ölkəmizdə keçirilməsinin böyük siyasi əhəmiyyəti də var. Azərbaycanın öz ərazisi olan Qarabağda antiterror tədbirlərindən qısa müddət sonra bu cür mötəbər tədbirin Azərbaycanda keçirilməsi haqda qərarın qəbul edilməsi dünya dövlətlərinin ölkəmizə dəstəyinin bariz nümunəsidir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir