“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 23-də 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak etməsi ilin mühüm səhiyyə hadisələrindəndir”.
Oxu.Az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in fəaliyyətinin 5 illiyinə həsr olunan hesabat konfransında deyib.
O bildirib ki, mayın 24-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron və Xızı rayonlarında yaşayan əhaliyə vərəm əleyhinə göstərilən yardımın yaxşılaşdırılması məqsədilə dərmanlara həssas vərəmli xəstələrə stasionar yardım üçün 200 çarpayı fondu olan Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib:
“Xəstəxana fəaliyyəti dayandırılmış Saray Modul tipli Xəstəxana kompleksinin bazasında formalaşdırılıb”.
V.Qurbanov 2023-cü ildə Yeni Klinikada Ambulator Klinika, Alqoloji Mərkəzin istifadəyə verildiyini, bu ilin sentyabrında klinikada ilk dəfə açıq ürək əməliyyatı keçirildiyini də diqqətə çatdırıb:
“Kliniki Tibbi Mərkəz də əsaslı təmir olunub, modernləşib. Təcili yardım, Urologiya, Neyrocərrahiyyə, Qastroenterologiya, Torakal cərrahiyyə, Nefrologiya – hemodializ şöbələri fəaliyyətə başlayıb, Endoskopik, artroplastik cərrahiyyənin tətbiqinə başlanılıb. Mayın 20-də TƏBİB-in tabeliyindəki Xətai Tibb Mərkəzinin Ginekologiya və doğum şöbəsinin əsaslı təmirdən sonra açılışı keçirilib.
2023-cü il dekabrın 8-də Sabunçu Tibb Mərkəzində Cərrahi profilli reanimasiya və Əməliyyat bloku əsaslı təmir olunaraq istifadəyə verilib. Dekabrın 18-də Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin təmir-bərpa işlərindən sonra açılış tədbiri keçirilib”.
İcraçı direktor bölgələrdə açılışı baş tutan mərkəzlər barədə də məlumat verib:
“Cari ildə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Z.Məmmədov adına xəstəxananın, Abbas Səhhət adına xəstəxananın və Uşaq xəstəxanasının yeni şöbələrinin təmiri və açılışı da baş tutub, müəssisələr yeni cihaz və avadanlıqlarla təchiz olunub. 2023-cü ilin fevralında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnvaziv kardiologiya, Ürək-damar cərrahiyyəsi şöbələri və oktyabrında isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində Şirvan Ürək Mərkəzi açılıb. Noyabr ayında Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində zəruri kadr potensialına və infrastruktura malik Regional Travmatoloji Mərkəz yaradılıb”.
Vüqar Qurbanovun sözlərinə görə, TƏBİB-in Müşahidə Şurasının 29 sentyabr tarixli qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə – “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilməsi də mühüm addımlardandır.
Könül Cəfərli
www.RIA24.az