“Səsvermə günündə dairə və məntəqə seçki komissiyaları polisin nəzarətində olacaq. Burada qaldırılan məsələlər polisin səlahiyyətləri çərçivəsində operativliklə həllini tapacaq”.
Oxu.Az xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri ilə keçirilən müşavirədə deyib.
O bildirib ki, seçki günü məntəqələrdəki seçki qutuları polislərin müşayiəti ilə dairə seçki komissiyalarına aparılacaq, orada ciddi nəzarətdə saxlanacaq:
“Həmçinin, seçkilərdə “exit poll”a mane olan tədbirlərinin qarşısı dərhal alınacaq. 2024-cü il 7 fevral növbədənkənar prezident seçkisində DİN-in şəxsi heyəti qarşıya qoyulmuş bütün vəzifələri tam olaraq yerinə yetirəcək” .
İ.Əliyev onu da qeyd edib ki, seçki gününədək şəxsiyyət vəsiqəsinin vaxtı bitən vətəndaşlara, seçki gününədək 18 yaşı tamam olacaq vətəndaşlara lazımi sənədlərin verilməsi prosesinə başlanıb.
Aysel Aslan
www.RIA24.az