Sandro Teti: “Azərbaycan öz xarici siyasətində İtaliyadan qat-qat sərbəst ölkədir” – MÜSAHİBƏ

Siyasət


Avropada islam mədəniyyətinə yer olmadığını deyən İtaliyanın Baş naziri Corciya Meloninin son islamofob bəyanatı ölkəsində çaşqınlıqla qarşılanıb.

Yada salaq ki, Meloni bu sözləri Böyük Britaniyanın Baş naziri Rişi Sunakın da iştirak etdiyi sağçı “İtaliya qardaşları” Partiyasının təşkil etdiyi festivalda deyib. Həmin tədbirdə Britaniyanın baş naziri də çıxış edərək miqrantlara sığınacağın verilməsi sistemində qlobal islahatların aparılmasına təkid edəcəyini bildirib.

Eyni zamanda, bəzi müşahidəçilər qeyd edirlər ki, əslində, Corciya Meloni bir çox Qərb liderlərinin ağlında olanı, sadəcə, dilinə gətirib.

İtaliyalı politoloq, publisist, Romada “Sandro Teti” nəşriyyat evinin təsisçisi və rəhbəri Sandro Teti Oxu.Az-a müsahibəsində qeyd edib ki, Avropa hazırda dərin böhran yaşayır:

– Biz Ukrayna müharibəsi, Yaxın Şərq böhranı və sair bu kimi qaynar məsələlərlə bağlı ABŞ-dən asılı olmayan şəxsi siyasətimizi qura bilmədik. Bir tərəfdən, biz Ukraynadakı müharibəyə hər ay külli miqdarda pul xərcləyirik, bizim büdcəmizdən hər ay 12 milyon Ukrayna vətəndaşına pensiya və müavinətlər verilir. Digər tərəfdən, Avropa təhsil və səhiyyə xərclərini azaldır. Avropanın bir çox iqtisadiyyatları durğunluq vəziyyətinə düşüb, bəziləri isə açıq böhran yaşayır.

Düşünürəm ki, Corciya Meloninin bu populist bəyanatı əhalinin daim miqrant axınını müşahidə edən aztəhsilli hissəsinə ünvanlanıb. İtaliyanın baş naziri onların fikrini hazırkı ciddi problemlərdən yayındırmağa çalışıb. Ona diqqət edin ki, Corciya Meloni əvvəllər belə açıqlamalar verməyib.  Bundan əlavə, İtaliya ilə Fars körfəzinin ərəb ölkələri arasında əlaqələr daim yaxşılaşır, Qətərdən ciddi investisiyalar almışıq, Səudiyyə Ərəbistanından isə iqtisadi gözləntilər var. Bizim ölkəmiz dünyəvi olsa da, əhalisi müsəlman olan Azərbaycanla dostluq münasibətlərimiz var. Ona görə də mən çaşqınlıq içindəyəm və baş nazirimizdən bu kimi açıqlamalar gözləmirdim.

– Tez-tez bildirilir ki, ifrat sağçı partiyaların Avropada populyarlığı artır, onların elektoratı çoxalır. “İtaliya Qardaşları” Partiyası sağçıdır. Bəlkə, Corciya Meloni belə bəyanatlarla öz seçicilərinin sayını artırır?

– Bəli, ifrat sağçılar Avropada getdikcə populyarlaşırlar. Onlar iddia edirlər ki, Avropanın müstəmləkəyə çevrilməsi prosesi gedir, həmçinin, islamın Avropa dəyərlərinə hücumundan və sair məsələlərdən danışırlar.

Mən burada kiçik bir haşiyəyə çıxacağam və bu, vəziyyəti daha yaxşı xarakterizə edəcək. Bir neçə gün əvvəl Fransadan olan professorun və digər ekspertlərin çıxış etdikləri tok-şouların birində Türkiyənin Avropa üçün böyük təhlükə olduğunu söyləməyə başladılar. Orada İtaliyadakı erməni diasporunun nümayəndəsi də var idi. Bu zaman onun yadına dərhal İkinci Qarabağ müharibəsi düşdü və başladı iddia etməyə ki, guya Azərbaycan tərəfindən Pakistandan olan muzdlular, cihadçılar, özəl hərbi şirkətlərdən olan türklər döyüşürdülər. Onu fransız professor da dəstəklədi. Ona görə də Avropada islamofobiya problemi mövcuddur, lakin mən bu kədərli hadisənin miqyasını təxmin edə bilmirəm. Bununla belə, cəmiyyətin müsəlman icmaları və ölkələri ilə dialoq aparan başqa bir hissəsi də var. Katolik icması da bununla məşğuldur, baxmayaraq ki, onun nümayəndələri arasında mühafizəkarlar da var. İtaliyanın dost Azərbaycan başda olmaqla digər müsəlman ölkələri ilə əlaqələri var. İtaliyanın sağçı hökuməti Bakı ilə həmişə əla münasibətlər saxlayıb.

Daha vacib bir məqam var. İndiki hökumət hakimiyyətə gələndə qeyri-qanuni mühacir axını problemini həll edəcəyinə söz verdi. Amma biz faktiki olaraq nə görürük? Hələ başa çatmamış 2023-cü il qeyri-qanuni mühacir axını üçün rekord il oldu – 188 min! Beləliklə, bu siyasət iflasa uğradı və bəlkə də, buna görə Corciya Meloni qeyd olunan bəyanatla çıxış etdi.  Amma düşünürəm ki, o, tezliklə bəyanatına düzəlişlər edəcək.

– Avropada gərginliyin, hətta vətəndaş müharibəsinin olacağını proqnozlaşdıran məşhur amerikalı iş adamı və milyarder İlon Maskın açıqlamaları haqqında nə düşünürsünüz?

– Bəzən düşünmədən hərəkət etdiyi hesab olunsa da, İlon Mask ağıllı, tədbirli bir insandır. Mask dünyanın ən mobil milyarderidir və diqqət mərkəzində olmağı sevir. Bununla belə, fikrimcə, vətəndaş müharibəsi indi tamamilə qütbləşmiş cəmiyyətə malik ABŞ-ni daha çox təhdid edir. Amma İtaliyada və bütövlükdə Avropada, həqiqətən də, gərginlik var və bu, getdikcə artır. İqtisadçılar bədbin proqnozlar verirlər ki, bu da əsasən, ABŞ-dən asılılığımızla bağlıdır. Bu da bizim Azərbaycandan fərqimizdir. Bunu sizinlə danışdığım üçün demirəm. Beynəlxalq siyasət baxımından Azərbaycan oturuşmuş, müstəqil dövlətdir. Siz NATO üzvü olan Türkiyə ilə dostsunuz, Rusiya ilə yaxşı münasibətlər saxlayırsınız, digər türk dövlətləri ilə əlaqələri fəal şəkildə inkişaf etdirirsiniz. Siz Brüssel qaydalarına tabe deyilsiniz, lakin burada, İtaliyada bizim azadlığımız məhduddur. Ölkə əhalisinin qarşı çıxdığı qanunvericilik normaları var, amma biz yenə də onlara əməl etməyə borcluyuq, çünki bu, Brüsselin diktəsidir. Bir daha təkrar edirəm: Azərbaycan öz xarici siyasətində, xarici iqtisadi qərarlarında və fəaliyyətində daha sərbəstdir.

Nair Əliyev

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir