Deputata qarşı atılan addımlar onun törətdiyi cinayətə adekvatdır – ŞƏRH

Siyasət

Milli Məclisin avqustun 3-də keçiriləcək növbədənkənar iclasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi məsələsi müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, parlamentin İntizam Komissiyasının avqustun 2-də keçirilən iclasında baş prokuror Kamran Əliyevin təqdimatına əsasən, Eldəniz Səlimovun məsələsinə baxılıb.

Komissiya Baş prokurorun təqdimatına müsbət rəy verib və bununla da Eldəniz Səlimov üçün növbəti “qırmızı işıq” yandırılıb.

Eldəniz Səlimov Nabranda istirahətdə olarkən xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq etməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Əgər Milli Məclis Eldəniz Səlimovun toxunulmazlığına xitam verəcəksə(böyük ehtimal ki, belə də olacaq), cənab Səlimovun ali qanunverici orqandakı fəaliyyətinə son qoyulacaq.

Azərbaycanda son illər hakimiyyətin icraedici qanadında təmsil olunan bəzi məmurlara qarşı hüquqi tədbirlər görülüb, onlardan bir neçəsi dəmir barmaqlıqlar arxasına göndərilib.  

Ümumiyyətlə məmurlara onların vəzifələri çərçivəsində səlahiyyətlər verilir.

Milli Məclisin deputatı da Konstitusiyaya əsasən toxunulmazdır.

Lakin görünür bəziləri toxunulmazlıqla həddi aşmağı qarışdırır və belə düşünür ki, toxunulmazlıq onlara qanunları pozmaq üçün əsaslar yaradır.

Halbuki Konstitusiyada, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanunda yumşaq desək, deputatlar üçün son hədd göstərilir.

Bundan əvvəlki yazılarımızda deputatların hansı halda mandatına son qoyulacağı barədə qanunvericiliyin tələblərini xatırlatmışıq.

Eldəniz Səlimova qarşı hüquqi tədbirlər məhz qanunvericilikdən irəli gələn öhdəliklərin icrası ilə əlaqədardır.

Burada digər motiv axtarmaq mənasız cəhdlərdən savayı bir şey deyil.

Eldəniz Səlimova qarşı çıxarılan qərarlar əsasında demək olar ki:

1. Qərarlar obyektiv və onun törətdiyi cinayətə adekvatdır,

2. Deputatlara qanun çərçivəsində toxunulmazlıq verilib, bu isə onların qanundankənar imtiyazlar sahibi olması anlamına gəlmir.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir