Azərbaycan hökuməti Fransa səfirliyinin iki əməkdaşını “persona non grata” elan edib və onlara ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.
Bu, Fransanın Cənubi Qafqazdakı ambisiyalarını həyata keçirmək üçün tərtib etdiyi kəşfiyyat cədvəlinin Azərbaycan xüsusi xidmət orqanları tərəfindən ələ keçirilməsidir.
Hadisəyə daha geniş bucaqdan baxsaq, deyə bilərik ki, Fransanın Cənubi Qafqaz üzrə planları ifşa olunub və Parisin regiondakı oyun qaydalarına əhəmiyyətli zərbə vurulub.
Azərbaycan xüsusi xidmət orqanlarının (Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti) aktiv işi və yüksək peşəkarlığı sayəsində Fransanın təxribat və Bakı-İrəvan sülh gündəliyini sabotaj etmək cəhdləri haqqında tutarlı məlumatlar əldə edildiyi istisna deyil.
Bu, Fransanın Qafqazdakı siyasətinin iflasa uğramasının görünən və görünməyən tərəfləri haqqında təəssürat yaradır. İstənilən halda proseslər çılpaq şəkildə bir fikri ortaya qoyur: Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makrona qalib gəldi!
Azərbaycanın kəşfiyyat cameəsinin öz fəaliyyəti ilə yanaşı, rəsmi Bakının əlini güclü edən digər faktorları da diqqətdən qaçırmalı deyilik.
Nəzərə almaq lazımdır ki, Fransanın regionda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə çomaq soxmaq cəhdi regionda maraqlarını Azərbaycanla uzlaşdıran oyunçulara da problem yaradırdı.
Regionda profilini yüksəldən Türkiyə, Azərbaycanla əməkdaşlığın dərinləşməsinə önəm verən Böyük Britaniya, Bakı ilə münasibətləri yeni regional faza kimi qiymətləndirən Moskva Parisin hərarəti yüksəltməsində maraqlı deyildilər.
Deməli:
– Türkiyə strateji müttəfiq kimi ali kəşfiyyat orqanı olan Milli İstihbarat Təşkilatının seyfindəki ən gizli məlumatları Azərbaycanla bölüşür,
– Azərbaycan Rusiya ilə tərəfdaşdır,
– Azərbaycan Qərbdə Böyük Britaniya ilə yaxşı əlaqələrə malikdir.
Yəni o nəticəyə gəlinir ki, kəşfiyyat kanallarındakı məlumatların mübadiləsi də Azərbaycanın Fransanı ifşa etməsinə yardımçı olub.
Yəqin ki, hələ məlumatların hamısı açıqlanmır və Fransaya mesaj ötürülür ki, o, Azərbaycanın yaratdığı reallıqların çərçivəsi daxilindən kənara çıxan ambisiyalara getməməlidir.
Deməli, bundan sonra Fransa ya Azərbaycanın maraqlarını öndə tutmalıdır, ya da yenidən ifşa dalğası ilə üzləşməyi gözə almalıdır.
Aqşin Kərimov
www.RIA24.az