Emilya Tağıyeva yazır…
Bir neçə gündür ki, Sevinc Məhərrəmovanın qətli müzakirə olunur. Hadisənin görünən tərəfində onu əri qəddar şəkildə öldürüb. Amma ər vasitədir, bıçağı tutan əldir. Bəs əsl qatil kimdir?
Cinayətə görə hamı bir-birini günahlandırır. Bəziləri deyir hüquq mühafizə orqanlarının əməkdaşları təqsirkardır, qadın dəfələrlə müraciət edib, amma ölçü götürülməyib. Daxili İşlər Nazirliyindən isə bildirilir ki, qadın əri ilə barışmışdı, şikayətçi olmayandan sonra biz nə edə bilərik? Bəzisi deyir sığınacaq təqsirkardır. Amma oradan da eyni cavab gəlir: Qadın əri ilə barışmışdı…
Bəs təqsir təkcə onlardadır? Xeyr!
– Sevincin birinci qatili onu kölə psixologiyası ilə böyüdən valideynləridir. Hansı ki, “ərindir, uşaqlarına görə döz” kimi sözlərlə dəfələrlə onu geri qaytarıb (Belə ailədə uşaqların hansı psixologiyada böyüyəcəyi də ayrı məsələdir).
– Bir qatili dul qadına potensial əxlaqsız kimi baxan cəmiyyətdir. Tanıdığım qadınlar var… İllərdir əri xaricdədir, orada başqa ailəsi də var. Qadın yalan olmasın bəlkə onun üzünü də yaddan çıxardıb. Amma gəlin 17 ildən çoxdur ki, uşaqlarını təkbaşına böyüdür, üstəlik qoca qaynana- qayınatasının qulluğunu tutur, deyingən baldızlarının sözlərini dinləmək məcburiyyətində qalıb.
Səbəb? Əsas odur ki, ərinin adı üstündədir. Yoxsa, qonum-qonşu onun hər salamlaşdığı kişi ilə gəzdiyini deyər.
– Bir qatili tək qadına pis niyyətlə baxan kişilərdir. Təəssüf ki, belələri nadir deyil və əksər qadınlar iş tapa bilməmək, küçədə qalmaq qorxusundan ayrılmır, “başının üstündə dam” xatirinə dözür.
Bəli, Sevincin əri sadəcə bıçağı tutub, ona bu bıçağı isə biz vermişik…