Sülhə doğru addımlar, səfirliyin təhlükəsizliyi – Bakı bölgədə əməkdaşlığa çağırır – ŞƏRH + FOTO

Siyasət


Regional əməkdaşlıq, təhlükəsizlik və sülh sabitliyin, inkişafın əsasıdır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Cənubi Qafqazda sülhlə bağlı məsələlərə də xüsusi yer ayırıb.

Rəsmi Bakı sülh sazişi və əməkdaşlıqla bağlı Ermənistana bir neçə dəfə təkliflər paketi təqdim edib. İrəvanın həmin təkliflərə cavabı qeyri-müəyyəndir.

Ermənistan baş naziri Nikol Paşinyan, parlament sədri Alen Simonyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan son günlər çıxış və müsahibələrində sülh sazişinin aktuallığından bəhs edirlər. Azərbaycan Prezidenti İlham Əliyevlə N.Paşinyan arasında MDB sammiti çərçivəsində Sankt-Peterburqda ayaqüstü söhbətdə də elə bu məsələ müzakirə olunub.

A.Simonyan rəsmi Bakının bu istiqamətdə atdığı addımları da alqışlayıb. O vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına töhfə verən addımlar atır, İrəvanla Bakı arasında razılaşma mümkündür. Spikerin sözlərinə görə, sülh heç vaxt bu qədər yaxın olmayıb:

“Azərbaycan bu istiqamətdə addımlar atır”.

Parlament sədri əlavə edib ki, Ermənistan və Azərbaycan arasında qarşıdan gələn sülh sazişinin əsas prinsipləri artıq razılaşdırılıb.

Azərbaycan XİN başçısı C.Bayramov mətbuat konfransındakı çıxışında bildirib ki, Ermənistan siyasi iradə göstərərsə, sülhə gedən yol açıqdır:

“Növbəti mərhələdə biz baş verənləri görəcəyik”.

Nazir sülh müqaviləsi ilə bağlı proseslərə maneə törədən məqamlara toxunaraq deyib ki, hər məqam razılaşdırılarsa, bu, uzun proses olar:

“Bunun əvəzinə, hər iki tərəfin razılıq verdiyi, ciddi fikir ayrılığı yaratmayan bir sənəd ortaya qoyulmalıdır”.

O, bunun sülh istiqamətində çox ciddi addım ola biləcəyini də vurğulayıb. Nazir sülh prosesinə Ermənistanın mane olduğunu, 2020-ci il 10 noyabr bəyanatından sonra qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarmamaqla bunu ləngitdiyini də qeyd edib.

C.Bayramov bu açıqlamasını rəsmi İrəvana cavab kimi də dəyərləndirmək olar. O, bununla Ermənistan hakimiyyətini sülh prosesini ləngitməməyə, təkliflərə əməli addımlarla cavab verməyə dəvət edib.

Vasitəçilərin iştirakı olmadan Bakı və İrəvan arasında birbaşa görüşlərin keçirilməsi Azərbaycanın irəli sürdüyü formatdır. Qarşı tərəfin buna müsbət cavab verməsi də vasitəçilik iddiasında olanlar üçün birgə cavab sayıla bilər. Azərbaycanla Ermənistan arasında hərbçilərin dəyişdirilməsi üzrə birgə açıqlama rəsmi Bakının ikitərəfli görüşlər üzrə atılan ilk addımı da sayıla bilər.

C.Bayramov da ikitərəfli görüşlərdən bəhs edib. O, 2024-cü ildə ermənistanlı həmkarı Ararat Mirzoyan və xarici işlər nazirliklərinin nümayəndə heyətlərinin sərhəddə görüşünün mümkünlüyünü vurğulayıb.

Azərbaycan və Ermənistan arasında mümkün sülh müqaviləsinin əsas maddələrindən biri qərbi azərbaycanlıların pozulmuş, tapdanmış hüquqlarının bərpasıdır. 1988-ci ildə öz tarixi yurdlarından, evlərindən qovulmuş qərbi azərbaycanlıların repatriasiyası, təhlükəsizliyinin təmin edilməsi tərəflər arasında müzakirəyə çıxarılan məsələlərdəndir. XİN başçısı mətbuat konfransında bu məsələyə də toxunub. Onun sözlərinə görə, Nikol Paşinyan qərbi azərbaycanlıların qayıdışını Ermənistanın milli təhlükəsizliyinə təhdid sayır. Nazir bunun təəssüf və təəccüb doğurduğunu vurğulayaraq bildirib:

“Bu yanaşma sülh müqaviləsi sahəsində Ermənistanın mövqeyi ilə uyğunsuzluq təşkil edir”.

Bu açıqlama rəsmi İrəvana təkrar ismarış da sayıla bilər və qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpasının Azərbaycan üçün vacib olduğu anlamına gəlir.

İran rəsmiləri son günlər Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpa edəcəyi ilə bağlı reallığı əks etdirməyən açıqlamalar verir, guya bu istiqamətdə məsələlərin öz həlinin tapdığını açıqlamaqla cəmiyyətə yanlış informasiya ötürürlər. Ceyhun Bayramov səfirliyin konkret səbəblərə görə bağlandığını vurğulayaraq bunu təhlükəsizliklə bağlı olduğunu bildirib. Bununla da məlum olub ki, Tehran hakimiyyəti rəsmi Bakının bu məsələ ilə bağlı irəli sürdüyü təklifi adekvat qarşılamayıb. Onun sözlərinə görə, səfirliyin təhlükəsizliyinə tam təminat verilərsə onun bərpası mümkündür. C.Bayramov bununla həm də Tehran sözçülərinin, rəsmilərinin Azərbaycanın yerinə şərh etməyin yersiz olduğunu nümayiş etdirib.

Nazir mətbuat konfransında ABŞ-Azərbaycan münasibətlərindən, Qəzza zolağına yardımdan da bəhs edib.

XİN başçısının mətbuat konfransı cəmiyyəti maraqlandıran bu kimi məsələlərə aydınlıq gətirib. Çünki xarici siyasət sahəsində rəsmi açıqlamalar gecikəndə başqaları həmin boşluğu doldurmağa səy göstərir. Odur ki, bu toplantı görülmüş işlərin müəyyən nəticələrinin KİV vasitəsilə cəmiyyətə çatdırılması, qaranlıq, sual doğuran məsələlərə aydınlıq gətirilməsi və xarici siyasət sahəsində atılacaq addımlarla bağlı ismarışların verilməsi baxımından da maraqlı sayıla bilər.

“Report” İnformasiya Agentliyi

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir