Azərbaycanın 2023-cü ildə Ermənistan və onun himayədarları üzərində əldə etdiyi həlledici üstünlükləri aşağıdakı mərhələlərə bölmək olar:
– Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması,
– Qarabağa gizli və geosiyasi gündəliklə gəlmiş milyarder Ruben Vardanyanın neytrallaşdırılması,
– Ağdam-Xankəndi yolu ilə humanitar yüklərin erməni sakinlərə çatdırılmasını təmin etmək üçün əldə edilən razılıq,
– Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri, separatçılığın məhvinə nail olması, suverenliyini bərpa etməsi və onun geosiyasi nəticələri,
– Bakının Ruben Vardanyan və vaxtı ilə Qarabağda separatçılıq fəaliyyətinin başında dayanan şəxsləri saxlayaraq həbs etməsi.
Bunlar regionda fərqli dövr açıb geosiyasi oyunu Ermənistanın xeyrinə dəyişməyə yönəlmiş cəhdlərə qarşı Azərbaycanın sərt zərbəsi oldu.
Azərbaycanın Qarabağda erməni separatçılara qarşı uğurlu əməliyyatı Qafqazın geosiyasətinə də təsir edir.
Bu, Ermənistan üzərində nəzarət qurub regiona müdaxilə etmək istəyənlərin əlindəkiləri itirməsi ilə nəticələnir.
Deməli, 2023-cü il Azərbaycanın regionda strateji üstünlüklərlə yeni dövrün başlanğıcına qədəm qoyması ilə yadda qaldı.
Bu, regionun gələcək arxitekturasının rifah, sülh və təhlükəsizlik qaydalarına uyğun qurulmasına əhəmiyyətli töhfədir.
Halbuki, 2023-cü ildə Azərbaycan antiterror tədbirlərinə günbəgün yaxınlaşdıqca Qərbdəki dairələr humanitar şou yaradaraq Ermənistana dəstək göstərirdilər.
Hətta yük maşınlarını Ermənistanın Laçınla sərhədindən Azərbaycan ərazilərinə daxil edib humanitar siyasət adı altında Bakı əleyhinə regional gərginlik yaratmaq istəyirdilər.
Təbii ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən qanunsuz keçiddən söhbət gedə bilməzdi, bəlkə də, bu şou ilə Azərbaycanı təxribata çəkib onun humanitar yüklərə atəş açmasına nail olmağa çalışırdılar.
Amma bütün bu planlar fiaskoya uğradı və Azərbaycan hərbi-strateji üstünlüklərinin dozasını çoxaldaraq bunu çəkindirmə aktına çevirməyi bacardı.
Əlqərəz, Azərbaycanın 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzur regionlarındakı nailiyyətlərinin davamının gəlməsi Bakının həm geosiyasi, həm də regional və qlobal layihələrdəki sabitlik indeksi üzrə yerini yüksəldir.
Azərbaycanın yeri onun geosiyasi keçidləri genişləndirməsi və yaranmış reallıqları fürsətlərə çevirmək baxımından xeyli faydalı olacaq.
Aqşin Kərimov
www.RIA24.az