“Başa düşmək lazımdır ki, 2021-ci il 2003-cü il deyil. Və dərhal qeyd edim ki, ABŞ demokratlarının postsovet məkanındakı situasiyaya sərt reaksiya verməsinə dair stereotipin haradan qaynaqlandığını bilmirəm. Bəli, demokrat Bill Klintonun (ABŞ-ın 42-ci prezidenti – red.) prezidentliyi dövründə bu, zəruri idi, çünki postsovet məkanında bütün ölkələr Rusiya da daxil olmaqla çox zəif idi. Sadəcə olaraq o illərdə çoxları ABŞ-dan yardım istəyirdi. Daha sonra yalnız postsovet məkanında deyil, bütün dünyada daha da fəal siyasət yürüdən respublikaçı prezident Corc Buş (2001-2009-cı illər aralığında-red.) hakimiyyətə gəldi. Ancaq tezliklə bu fəaliyyətin ABŞ-ın xeyrinə işləmədiyi aydın oldu”.
Bu sözləri Oxu.Az-a açıqlamasında ABŞ-dan olan siyasi analitik, jurnalist Maykl Vasyura deyib.
O, hazırda ABŞ-da hakimiyyətdə olan demokratların son illərdə postsovet məkanında baş verən hadisələrə fəal şəkildə təsir etməyə can atmamasını siyasi marağın olmaması ilə əsaslandırıb.
“İraq, Əfqanıstan kabusa çevrildi. Artıq prezident Barak Obamanın dövründə ABŞ o qədər də fəal deyildi. Krımın ilhaqından və Rusiyanın Ukraynanın şərqinə – Donbasa hücumundan sonra Obama öz müsahibəsində ABŞ-ın sərt reaksiya verməməsini belə izah etdi: Vaşinqton baş verənlərdən narazıdır, amma ABŞ Rusiyanın özünün tarixən təsir dairəsinə daxil olduğuna inandığı ərazilərdəki fəaliyyətinə təsir edə bilmir”.
Siyasi analitik əlavə etdi ki, Co Bayden Barak Obamanın dövründə vitse-prezident olarkən başa düşdü ki, ABŞ dünyadakı bütün problemləri həll edə bilməz.
“İndi Prezident Co Baydenin dövründə bu siyasətin davamını görürük. Bəli, ABŞ-ın son 20 ildə təsir imkanları əvvəlki ilə müqayisədə azalıb.
Misal üçün biz(ABŞ – red) Bakıya nəyi necə edəcəyini diktə edə bilmərik. Əgər belə bir fürsət olsaydı, ötən payızda Ermənistanla müharibə olmazdı.
Maykl Vasyura hesab edir ki, Co Baydenin vəzifəsi var və o, Donald Trampın dörd illik hakimiyyətindən sonra ABŞ-ın imicini bərpa etmək istəyir:
“Məhz buna görə də, “Şimal axını 2”nin (Rusiyadan Baltik dənizi vasitəsilə Almaniyaya gedən magistral qaz kəməri – red.) tikintisində iştirak edən alman şirkətlərinə qarşı sanksiyaların tətbiq edilməməsi barədə Almaniya ilə razılaşma əldə edildi. Bu güzəştlər müttəfiqlərlə münasibətləri bərpa etmək məqsədi daşıyır”.