“Bu günlərdə gündə bəlkə də minlərlə məktub alıram. Vətəndaşlar öz dəstəyini, həmrəyliyini ifadə edir, orduda xidmət etmək istəyirlər. Mən çıxışımda demişdim ki, orada şüşələri qıranlar orduya yazılsınlar. O günə cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdi. Amma mənim sözlərimdən heç bir həftə keçməyib, 50 minə yaxın Azərbaycan vətəndaşı – onların mütləq əksəriyyəti gəncdir – Vətəni qorumaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adını, ünvanını veriblər. Mən onlara təşəkkür edirəm”.
Bunu iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci: “Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci. Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər”.