Bu gün “İlin yekunları və COP-29 ərəfəsində çağırışlar” mövzusunda turizm sənaye subyektlərinin forumu təşkil olunub.
Oxu.Az-ın məlumatına görə, forum çərçivəsində turizm sənayesi üzrə fəaliyyət göstərən ictimai birliklər adından Prezident İlham Əliyevin siyasətinin davam etməsini arzulayan birgə bəyanat qəbul edilib. Bəyanatda dövlət başçısı tərəfindən aparılan siyasətə tam dəstək ifadə olunub.
Bəyanatın mətnini təqdim edirik:
“Son 20 il ərzində Prezident İlham Əliyevin əzmi, siyasi iradəsi, uzaqgörənliliyi, müstəqil siyasi kursu sayəsində əldə olunan böyük uğurlar turizm sənayesində də köklü dəyişikliklər, tamamilə yeni mənzərə yaradıb. 30 il işğal altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz tərəfindən azad edilməsi, Vətən müharibəsində qazandığımız qələbə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri cəmi 23 saat 51 dəqiqə sürdü. Hərbi dərsliklərə düşən bu unikal əməliyyat nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam təmin edildi. Bu gün Şuşa, Xankəndi, Xocalıda Azərbaycan Bayrağı qürurla dalğalanır. Bu, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli siyasətin təntənəsidir. Turizmin inkişafında mühüm yer tutan əlçatanlılığın təmin edilməsi son 20 il ərzində xüsusi diqqət mərkəzindədir, nəticədə ölkənin hava, quru və dəmir yolları infrastrukturu inkişaf etdirilib. Bu isə öz növbəsində müasir hotelçilik və turizm biznesinə sərmayə qoyuluşunun artmasını stimullaşdırıb. Ötən dövr ərzində dünyada ən məşhur hotel brendləri Azərbaycanda iş qurub, qış turizm kompleksləri, sağlamlıq mərkəzləri yaradılıb, yerli və beynəlxalq tədbirlərin keçirilməsi üçün müasir üslubda tədbir məkanları inşa edilib. Bu proses bu gün də davam edir. Bütövlükdə turizmin inkişafı qeyri-neft sektorunun inkişafında əsas istiqamətlərdən biri kimi qəbul edilib, sektorun qeyri-neft iqtisadiyyatında payı 3,4%-ə çatıb.
Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində turizm sahəsində dövlət siyasətinin əsas prinsiplərinin və turizm fəaliyyətinin əsaslarının müəyyənləşdirilməsi, vergi və gömrük güzəştləri kimi mexanizmlərin tətbiqi, bir sıra lisenziyaların ləğvi, turizm və rekreasiya zonalarının yaradılması, viza rejiminin liberallaşdırılması və asanlaşdırılması bu sektorda əsl canlanma yaradıb. Son 20 il ərzində turizmin müxtəlif alt sahələri üzrə lazımi bilik və bacarıqlara malik insan kapitalının hazırlanması, turizm əmək bazarında xidmət və dəyər yaradan mütəxəssislərin yetişdirilməsinə imkan verən ali təhsil sisteminin formalaşdırılması, turizm təhsilinin təşkili sahəsində dövlət-biznes tərəfdaşlığının təşviqi istiqamətində böyük inkişaf yolu qət edilib. Azərbaycan son illər ərzində “Avroviziya” Mahnı Müsabiqəsi, Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, UEFA Avropa Liqasının final oyunun, futbol üzrə Avropa Çempionatının oyunları, 74-cü Beynəlxalq Astronavtika Konqresi, “Formula-1” Azərbaycan Qran-prisi və digər bu kimi irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib.
Bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsi barədə qərar Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının əyani göstəricisidir. Milli-mədəni irsin qorunması və turizmə inteqrasiyası sahəsində görülmüş bərpa və yenidənqurma işləri, son illərdə Azərbaycanın bir sıra maddi və qeyri-maddi irs nümunələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması kimi tarixi hadisələr ölkəmizin müsbət imicinin yaranmasına töhfə verməklə yanaşı, dünya ictimaiyyətinin sahib olduğumuz zənginliklər və turizm potensialı barədə məlumatlanmasına, xarici turistlərin sayının artmasına və daxili turizmdə ciddi motivasiyaya səbəb olub. 30 il talan edilmiş, dağıdılmış Qarabağ və Şərqi Zəngəzur bu gün cənnətə çevrilir, bu bölgələrdə yaşıl düşüncə əsasında böyük turizm infrastrukturu yaradılır, artıq iki beynəlxalq əhəmiyyətli hava limanı işə salınıb, daha 1-i də açılacaq. Yeni yollar salınır. Zəngəzur dəhlizi istiqamətində ciddi iş aparılır. Yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur regionun, bütövlükdə Qafqazın ən müasir turizm mərkəzinə çevriləcək. Turizm sənayesində ixtisaslaşmış assosiasiyalar olaraq, biz həm də xaricilərin gözü ilə Azərbaycandakı dəyişiklikləri görə bilirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar bu gün bütün dünyada heyranlıqla izlənilir. Azərbaycan liderinin beynəlxalq miqyasda artan nüfuzu ölkəmizə də marağı artırır. İndi daha çox əcnəbi Azərbaycana gəlmək arzusundadır. Biz – turizm sənayesində ixtisaslaşmış assosiasiyalar olaraq, ölkəni qələbədən qələbəyə aparan Prezident İlham Əliyevlə fəxr etdiyimizi bəyan edirik. Biz ulu öndər Heydər Əliyevin yolu ilə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyirik. Turizm sənayesində ixtisaslaşmış bütün assosiasiyaların vahid mövqeyi və rəyi bundan ibarətdir ki, Prezident İlham Əliyevin siyasəti davam etməlidir. İlham Əliyev qalib xalqın qalib lideridir!
İmzalar:
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov
Azərbaycan Hotellər Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının Baş katibi Tural Musayev
Azərbaycan Turizm Blogerləri Assosiasiyasının İdarə Heyətinin sədri Azər Qəribov
Azərbaycan Mədəni İrsinin Qorunması və Turizmə Dəstək Assosiasiyasının İdarə Heyətinin rəhbəri Türkay Qasımzadə
“DAİR” Hotellər və Restoranlar İctimai Birliyinin İdarə Heyətinin üzvü Samir Səfiyev
Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev
Səyahət və Turizm Peşəkarlarının Beynəlxalq Assosiasiyasının sədri Ceyhun Aşurov”.
İlhamə Əbülfət
www.RIA24.az