“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası” təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qayda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq hazırlanıb və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarının satınalan təşkilatla təchizatçı arasında imzalanmış müqaviləyə təsirinin qiymətləndirilməsi qaydasını tənzimləyir. Bu Qayda satınalan təşkilatla təchizatçı arasında imzalanmış müqavilədə nəzərdə tutulan və ya onun mahiyyətindən irəli gələn ayrı qaydalarla bağlı hallara şamil olunmur.
Yeni qərara əsasən, bundan sonra, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi satınalma predmetinin qiymətlərinin azalmasına və artmasına səbəb olduqda – təchizatçı dəyişikliyin baş verdiyi gündən 20 iş günü müddətində satınalan təşkilat qarşısında qiymətlərə yenidən baxılması barədə məsələ qaldıra biləcək. İndiyə qədər bu müddət 20 bank günü idi.
Qiymətlərə yenidən baxılması barədə məsələ ilə bağlı tərəflər öz qərarı barədə 10 iş günü müddətində qarşı tərəfə rəsmi məlumat verməlidir.
www.RIA24.az