Bu gün bu tarixi hadisə baş verir, biz Laçın Beynəlxalq Hava Limanının tikintisinə start veririk. Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə – Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz müstəqil Azərbaycan dövlətiyik, buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var. Bu hava limanını inşa edən Azərbaycan şirkəti olacaq. Bu da çox sevindiricidir. Çünki azad edilmiş torpaqlarda yerli şirkətlərin fəal işləməsi önəmli amillərdən biridir. Bizimlə bərabər, böyük layihələrdə qardaş Türkiyə şirkətləri də fəal iştirak edirlər.
Bu sözləri Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimindən sonra deyib.
“Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək.
Bu gözəl hadisə münasibətilə Azərbaycan xalqını, laçınlıları, kəlbəcərliləri, bütün keçmiş köçkünləri ürəkdən təbrik edirəm”, – deyə dövlə başçısı qeyd edib.