Cənubi Qafqazda kommunikasiyaların açılması Azərbaycan, Ermənistan və bölgənin bütün qonşu dövlətləri üçün faydalıdır.
Bu sözləri Ermənistanın ictimai-siyasi xadimi Sarkis Asatryan Oxu.Az-a müsahibəsində deyib.
“Qeyd etmək istəyirəm ki, erkən parlament seçkilərindən əvvəl erməni müxalifəti Nikol Paşinyanın qələbəsinin qarşısını almaq üçün hər şeyi etdi, müharibədə məğlubiyyət mövzusunu oynatdı və s. Ancaq Ermənistan vətəndaşlarının öz iradəsini sərbəst ifadə etməsi müxalifətin arqumentlərinin işə yaramadığını göstərdi. Nikol Paşinyan yenidən seçkilərdə qalib gəldi və erməni seçicilərin verdiyi tam etimad mandatına sahibdir”, – deyə o qeyd edib.
S. Asatryan bildirib ki, Nikol Paşinyan qanuni lider kimi bəyanat verəndə (Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin regional kommunikasiyaların açılması üçün üçtərəfli komissiyanın işini bərpa etməyə hazır olması haqqında – red.) həm də xalqın adından danışır:
“Ermənistan Respublikası vətəndaşlarının əksəriyyəti sülhün tərəfdarıdır və bu istiqamətdə onun sözlərini və hərəkətlərini tam dəstəkləyirlər.
Təbii ki, müxalifətin fərqli fikri var, amma indiki hakimiyyətin əleyhdarları heç nə edə bilməzlər. Bir daha vurğulamaq istərdim ki, Nikol Paşinyan xalqdan etimad mandatını alıb”.