İran həyasızcasına ermənilərlə iş qurduğunu elan edir: Bakı Tehrana güzəştə getməyəcək!

Siyasət

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində ona dəstək olanları da, arxasınca məkrli planlar quranları da gördü. Çox təəssüf ki, ikincilərin sırasında milyonlarla soydaşımızın yaşadığı İran da yer aldı. O, İran ki, hələ işğal dövründə Azərbaycanın təcrid etdiyi Ermənistan üçün həmişə nəfəslik rolunu oynadı, işğalçıların qayğısına qaldı.

Azərbaycanın haqq savaşına başladığı, torpaqlarının azad edilməsi uğrunda döyüşlərə atıldığı bir zamanda İran öz sərhədlərini Ermənistana qanunsuz silah çatdırılması üçün taybatay açdı. Bu təxribata isə İranda yaşayan soydaşlarımız səssiz qala bilmədi. Yalnız onların əzmkarlığı sayəsində İran dövlətinin məkrli planı ifşa olundu və bütün dünyadakı azərbaycanlılar, həmçinin haqqı nahaqdan ayırmağı bacaran insanlar Tehranın əsl simasını görə bildi.

Əslində özünü İslam dünyasında lider obrazında görən İranın Qarabağda İslam mədəniyyəti nümunələri, məscidlər, tarixi abidələrin dağıdılmasına münasibətdə ölü sükutu nümayiş etdirməsi, müsəlmanların Allahın evi adlandırdıqları məscidlərin tövləyə çevrilməsi, möminlərin Tanrıya şükür üçün səcdəyə gedən alınlarının dəydiyi yerlərdə donuz saxlanılmasına səssiz qalması da məsələnin arxasında hansı bədnam maraqların dayandığını göstərirdi. İran öz siyasi maraqlarını təmin etmək üçün dünyanın bir çox yerində özünü “müsəlmanların hamisi” kimi qələmə verir. Amma yenə həmin o maraqların naminə – Qarabağda olduğu kimi – lazım gələndə məharətlə susur, görməzdən gəlir, hətta əli müsəlmanların qanına batanları müdafiə edir.

Ancaq zaman göstərir ki, hətta İran-Ermənistan birliyi belə Azərbaycan xalqının dövləti ilə dəmir yumruq kimi birləşməsinin qarşısına çıxa bilmədi. İranın gecəsini-gündüzünə qatıb ermənilərə çatdırmaq üçün dəridən-qabıqdan çıxdığı həmin “yardım”ların aqibətini isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin müharibə günlərində nümayiş etdirdiyi kadrlar bütün dünyaya çatdırdı. Qarabağ zəfərimiz həm də İran İslam Respublikasının anti-islam mövqeyini bütün müsəlman dünyası qarşısında ifşa etdi, ortaya qoydu.

Görünür, bütün bunlar İran dövlətinə dərs olmayıb ki, yenə də – “sadəcə” erməni qardaşlarının eşqinə öz xalqının təmsil etdiyi bütün dəyərlərə xəyanət edərək, Ermənistana arxa-dayaq durmağa davam edir. Çünki müharibədən sonra İran TIR-ları Qarabağa – sülhməramlıların nəzarətindəki Laçın dəhlizi vasitəsilə “yük” daşımağa başladılar. Özü də həmin torpaqların əsl sahibindən icazə almadan, yalnız öz məkrli hədəflərinə çatmaq naminə…

Bu azmış kimi, İran indi də Qarabağın bərpası prosesinə sürətlə “qoşulub”. Özü də yenə ermənilər tərəfdən. Bu ölkədə fəaliyyət göstərən “jooiakar.com” saytında “Qarabağda tikinti işlərinə ustalar tələb olunur” başlıqlı elan yerləşdirilib. Özü də İran saytı həmin elanda utanmadan Qarabağın Ermənistan ərazisi olduğunu vurğulayır. Ustalara yüksək əməkhaqqı təklif edir.

Bu elan həm də İranın regionda qüdrətli Azərbaycanın varlığından narahatlığının elanı kimi oxunur. İran – utanmadan, həyasızcasına elan və etiraf edir ki, separatçıların yanındadır, terrorçularla iş qurur, qatilləri silahlandırır, qatillərlə qardaşlıq edir və yekunda onlardan heç də fərqlənmir.

Bütün bu sifətləri özündə daşımaq yəqin ki, bir dövlət üçün olduqca alçaldıcı, utancverici olmalıdır. Ancaq bu utanmaq hissi İran dövlətinə tanışdırmı, bunun özü də mübahisə mövzusudur.

Hər halda utanc hissinə sahib bir dövlət, səhvlərindən nəticə çıxarmağı bacarmalıdır. İran isə bu məsələdə də, bir çox digər işlərdə olduğu kimi bütün dünyadan geridə qalıb və görünür ki, heç yaxın onilliklər ərzində sivil dünyaya çata da bilməyəcək.

İranın artıq utanc hissini çoxdan unutduğunu nəzərə alaraq, səhvlərindən nəticə çıxarmaq naminə heç olmasa ağılla davranacağını düşünə bilərdik, çünki təkrar-təkrar eyni səhvi etmək ən azından axmaqlıqdan başqa bir şey deyil. Çünki eşşək belə palçığa bir dəfə batır. Lakin İran bunu belə bacarmır, müharibə zamanı darmadağın etdiyimiz kirli planların, çirkin hədəflərin, qanlı münasibətlərin arxasınca qaçır.

Hər halda utanc hissini itirmiş və ağılla hərəkət etməkdən məhrum bir rejimə bu iki anlayışın yoxluğu öz zərbəsini mütləq vuracaq.

İran saytına gəlincə, yəqin ki məscidin qapısı açıq olduğu bir şəraitdə itin abrına ümid bəsləmək gülünc səslənir. Ona görə də İran dövləti Qarabağa qanunsuz səfərlərə şərait yaratdığı üçün bu təxribatda birbaşa məsuliyyət daşıyır.

Qarabağın Ermənistan ərazisi kimi təqdim olunması isə sadəcə Azərbaycanın parlaq qələbəsindən doğan kibirin ifadəsidir. Çünki qüdrətli Azərbaycan dövləti, onun ordusu, Ali Baş Komandanı və bir yumruq kimi birləşən xalqı nəinki İrana və onun hamilik etdiyi Ermənistana, eləcə də bütün dünyaya Qarabağın əsl sahibinin kim olduğunu döyüş meydanında göstərdi və unudulmayacaq gözdağı verdi! Odur ki, İran arxa planda nə qədər kirli oyunlar oynasa da, üzdə heç vaxt bu həqiqəti inkar edə, Azərbaycanın ərazi bütövlüyünü sual altında qoya bilməz!

İrandakı səfalət və aclıqdan, ölkənin düçar olduğu böhran vəziyyətindən, acınacaqlı həyat şəraitindən bezib, həmin elana maraq göstərə biləcək şəxslərə də tövsiyəmiz var. Azərbaycan dövlətinin qüdrəti öz sərhədləri daxilində istənilən təxribatın qarşısını almağa, ona qarşı çalışan xarici qüvvələrin dərsini verməyə kifayət edər. Qarabağda bizə – Müzəffər Azərbaycan ordusuna qarşı vuruşanlar, irqindən, cinsindən və milliyyətindən asılı olmayaraq, Bakıda hakim qarşısına çıxarılıbsa, əmin olsunlar ki, terrorçulara istənilən cür “yardım edən”, hətta bizdən icazəsiz Qarabağda bir daşı belə yerindən qaldırmağa cəsarət edənlər də həmin qaydada cəzalandırılacaq. Azərbaycan nə qədər humanist və tolerant olsa da, bu məsələdə İrana da heç bir güzəştə getməyəcək.

Hələlik isə İran Qarabağda yaşayan ermənilərə “yardım”ı özünə dərd etməkdənsə, öz xalqının səfalət içindəki yaşayış şəraiti ilə maraqlansın. Çünki dünyada hansısa mövzuda, hansısa sahədə İrandan savayı Ermənistandan mədət umacaq ikinci bir dövlət yəqin ki, tapılmaz. Ona görə də, “Müsəlmanların hamisi”, “İslamın bayraqdarı” İranın peyvənd olunmaq üçün Ermənistana axışan vətəndaşlarını Tehrana xatırlatmaq istərdik. Bir halda ki, İran hətta tənəzzülə uğramış, səfil Ermənistandan da acınacaqlı vəziyyətdədir, o zaman qonşusunun işlərinə burnunu soxmaq əvəzinə, öz xalqının problemləri ilə məşğul olsun. Çünki İran bəlkə də sərsəm ideyaları naminə Azərbaycana qarşı təxribat xarakterli addımlarından utanmır, ancaq əminik ki, səfil Ermənistandan daha səfil vəziyyətə düşmək damğasından mütləq utanar…

Bu səfilliyin və rəzil durumun çarəsi isə regionda sülh və əmin-amanlığın bərqərar olmasıdır. Bu gün sülhün bərqərar olması prosesinə Azərbaycan bayraqdarlıq edir. Əgər İran növbəti dəfə “palçığa batıb”, Ermənistandan daha rəzil duruma düşmək istəmirsə, bu həqiqəti gec-tez qəbul edəcək!  

Orxan Tağıyev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir