QH-yə üzv olan ölkələr mina problemi ilə mübarizədə Azərbaycana beynəlxalq yardıma çağırış edib

Siyasət


Qoşulmama Hərəkatına üzv olan ölkələr mina probleminə qarşı mübarizədə Azərbaycana beynəlxalq yardım göstərməyə çağırıblar.

Yanvarın 15-dən 20-dək Uqandanın paytaxtı Kampalada Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 19-cu sammiti keçirilib. Sammitdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Xarici İşlər Nazirliyindən Caliber.Az-a verilən məlumata görə, tədbirdə iştirak edən Qoşulmama Hərəkatına üzv dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Azərbaycanın Qoşulma Hərəkatına dörd illik uğurlu sədrliyini yüksək qiymətləndiriblər və buna görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Qeyd olunub ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin əksəriyyəti COVID-19 pandemiyası dövründə baş versə də, ölkə nəinki bu işi uğurla yerinə yetirib, həm də bir sıra təşəbbüslər və platformalar vasitəsilə Qoşulmama Hərəkatını gücləndirib.

Tədbir çərçivəsində Qoşulmama Hərəkatının 19-cu sammitinin yekun sənədi qəbul edilib. Yekun sənəddə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərdə apardığı bərpa işlərinə və reinteqrasiya tədbirlərinə dəstəyini ifadə edib və partlamamış hərbi sursat və minalar probleminin bu ərazilərdə işləmək üçün maneələr yaratdığını qeyd edərək beynəlxalq səviyyədə yardımın göstərilməsinə çağırıblar.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir