2023-cü il Azərbaycanın tarixində bütün sahələrdə nailiyyətlər ili kimi qalacaq.
“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov komitənin bu gün keçirilən 2023-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclasında bildirib.
Ş. Bağırov diqqətə çatdırıb ki, gömrük orqanlarının fəaliyyəti Prezident İlham Əliyev tərəfindən gömrük orqanları qarşısında müəyyənləşdirilən strateji hədəflərə uyğun şəkildə təşkil olunur.
Komitə sədrinin birinci müavini Bəhruz Quliyev qeyd edib ki, DGK ötən ildə qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetirmək məqsədilə gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, çevik və şəffaf idarəetmə sisteminin tətbiqi, habelə gömrük inzibatçılığının normativ-hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirib: “2023-ci il gömrük xətti ilə büdcə daxilolmalarında Komitə tərəfindən dövlət büdcəsinə 6 milyard 337 milyon 538 min manat vəsaitin köçürülməsi təmin edilib ki, bu da illik proqnoza nisbətdə 609 milyon 538 min manat və ya 10,6 %, 2022-ci illə müqayisədə isə 682 milyon 936 min manat və ya 12,1 % çoxdur”.
Onun sözlərinə görə, ötən il ərzində 34 100 hüquqpozma faktının aşkar edildiyini bildirən Komitə sədrinin birinci müavini vurğulayıb ki, bu faktlardan 1 681-i cinayət xarakterli faktlar, 1 224 fakt xarici valyuta vəsaitlərini xaricdən qaytarmama, 33 fakt gömrük ödənişlərinin ödənilməsindən yayınma üzrə, 131 digər cinayət xarakterli fakt üzrə olub. Hesabat ilində ümumilikdə 640 kq 940 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb. Bu narkotiklərin 91 %-ni daha təhlükəli ağır narkotik olan heroin təşkil edib.
Həmçinin qeyd olunub ki, 2023-cü ildə keçirilən “Gömrük Biznes Forumu”nda “Gömrük İnkişaf Modeli”nin bir sıra layihələrinin, o cümlədən Avtomatlaşdırılmış Risk Analiz Sisteminin (ARAS), Transxəzər Gömrük Tranzit Portalının, “Səlahiyyətli İqtisadi Operator proqramının və “Smart-Bot” mobil tətbiqi layihələrinin biznes ictimaiyyətinə geniş təqdimatları həyata keçirilib.
Komitənin rəsmi internet səhifəsinin “Sahibkarlar üçün” bölməsində “Müvəqqəti saxlanc və gömrük anbarı”, “Səlahiyyətli İqtisadi Operator” və “Əqli mülkiyyət hüquqları” altbölmələri yaradılaraq şəxslər üçün elektron müraciət etmə imkanı təmin olunub.
Eyni zamanda “Gömrük xidmətinin Fəaliyyət Proqramı”nda nəzərdə tutulan Tədbirlər Planının icrası nəticəsində gömrük ekspertizası rəylərinin elektron bazası yaradılıb, XİFMN-sı beynəlxalq izahnaməsi, gömrük dəyərinə düzəliş edilməsi üçün metodika və bildiriş forması, gömrük orqanları tərəfindən malların təsnifatının və mənşə ölkəsinin müəyyənləşdirilməsi üzrə məcburi qərarların qəbul edilməsinə, o cümlədən Səlahiyyətli İqtisadi Operator statusunun tətbiqinə dair Metodika və təlimatlar təsdiq edilib, sahibkarların Elektron Hesab Səhifəsinin əsas komponentlərinin tətbiqinə başlanılıb, poçt göndərişlərinin qeydiyyatı təkmilləşdirilib.
Sonra Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev “Naxçıvan Baş Gömrük İdarəsinin 2023-cü il ərzində fəaliyyətinin nəticələri”, Dövlət Gömrük Komitəsinin sədrinin müşaviri Əsgər Məmmədov Komitə sistemində aparılan struktur dəyişiklikləri və gömrük inzibatçılığın təkmilləşdirilməsi ilə bağlı görülən işlər” haqqında məruzələrlə çıxış ediblər.
Sonda DGK sədri Ş. Bağırov statistik təhlillər, araşdırmalar əsasında gömrük orqanlarının müxtəlif sahələr üzrə fəaliyyətindən danışaraq tapşırıq və tövsiyələrini verib.
www.RIA24.az