Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfərini başa vurduqdan sonra Azərbaycanla münasibətlərin perspektivinə “xüsusi statuslu” qiymət verib.
Cənab Klaar Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra rəsmi Bakı ilə tam şəkildə yenidən əlaqə qurmağı səbirsizliklə gözlədiyini bildirib.
Klaarın bu açıqlaması:
– Xəzər dənizində böyük neft və qaz ehtiyatlarına malik Azərbaycanın Ukraynadakı müharibə fonunda Avropanı enerji ilə təminində əhəmiyyətinin işığında diqqətəlayiqdir;
– Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Bakının İrəvan üzərindəki şərtlərinin Aİ tərəfindən nisbi qəbul ediləcəyinə işarə edir;
– Çindən Avropaya uzanan ticarət marşrutunun Orta Dəhliz qanadında Azərbaycanın geoiqtisadi mövqeyinin möhkəmlənməsindən doğan proseslərə reaksiyanı özündə ehtiva edir;
– Azərbaycandan Avropaya yaşıl enerji ixrac etmək potensialının artırılması üçün Aİ-nin müsbət qiymətləndirmələrinə vurğu edir;
– Uzunmüddətli perspektivdə Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin effektivliyini və davamlılığını təmin edən, onun böyüməsinə təkan verən hərtərəfli düşünülmüş ictimai-siyasi çərçivənin zəruriliyini vurğulayır.
Ancaq bunlara baxmayaraq, Azərbaycanla Ermənistanın sülh müqaviləsi üzrə hərtərəfli razılığa gəlməməsi Aİ-nin Bakıya qarşı ritorikasını səngitmir.
Bu amil Bakını Avropa bazarlarındakı enerji sahəsində rolu barədə Aİ-yə əhəmiyyətli xatırlatmalar verməyə məcbur edir.
Hərçənd, Bakı ilə Aİ arasındakı mübahisəli predmetlərin aradan qaldırılması üçün hər iki tərəfdən xoşməramlı mövqelər də səslənir. Amma problem yaradan məqam Aİ-nin geosiyasi markası olan Fransanın Cənubi Qafqazda Azərbaycan əleyhinə cəbhələri aktivləşdirmək səyləri nəticəsində qabarır.
Parisin qeyri-konstruktiv lövhə üzərində dayanması Aİ-nin ümumi maraqları ilə uyğunluq təşkil etmir, lakin ittifaq daxilində Fransanın tezislərini təkrarlayan mövqenin mövcudluğu aydın görünür.
Deməli, Aİ isteblişmentində Azərbaycana münasibətləri formalaşdıran iki dairə var.
Birinci çevrəyə daxil olanlar Azərbaycanın regional reallıqlar yarada bilmək təcrübəsini və potensialını qəbul edir, Bakı ilə faydalı, səmərəli əməkdaşlığa üstünlük verirlər.
İkinci çevrədəkilər isə Azərbaycanla münasibətlərdəki xətləri zədələmək üçün cızdıqları dairə içərisində var-gəl edir və Ermənistanın sülh prosesini pozan mövqeyinə dəstək verirlər.
Cənab Klaar böyük ehtimalla birinci mövqedə dayananların tezislərini gündəmə gətirir və Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisinin mümkün nəticəsi ilə Aİ-nin mövqeyini uzlaşdırır.
Bu cəhətdən Aİ-nin Azərbaycanın qətiyyətlə, prinsipial olaraq müdafiə etdiyi Zəngəzur dəhlizi layihəsinin elementləri ilə bağlı əhəmiyyətli danışıqların baş tutacağı istisna deyil.
Çünki Zəngəzur dəhlizi Orta Dəhlizdə enerji infrastrukturuna, yükdaşıma xətlərinə böyük töhfə verə bilən iqtisadi manera sahəsi ola bilər ki, Aİ bu amili nəzərdən qaçırmır.
Bu mənada Aİ regionda geoiqtisadi mövqeyini xeyli genişləndirməkdən ötrü Azərbaycana yeni təkliflər təqdim edə bilər.
Azərbaycan isə proseslərdə strateji müttəfiqi Türkiyənin də maraqlarını nəzərə alaraq regional “tikinti”nin istiqamətlərini praktiki şəkildə göstərə bilər.
NƏTİCƏ
Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisinin nəticələrindən sonra Bakının yenilənən prioritetləri aydın şəkildə görünəcək.
Avropa İttifaqı çalışacaq ki, Azərbaycanın prioritetlərinə töhfə verən tezislərə üstünlük versin.
Lakin regional situasiyaya nisbətdə Ermənistan fərqli mövqeyə – revanşizm dalğasına – çıxmağa çalışsa, Bakı yalnız özünün strateji maraqlarını və müdafiə siyasətini ön planda tutacaq və Avropa İttifaqı ona təsir edə bilməyəcək.
Aqşin Kərimov
www.RIA24.az