“Avropa İttifaqının və Fransanın bəyanatlarına gəlincə, Azərbaycan, həmçinin Türkiyə çox ağıllıdırlar, onlar bizdən qat-qat ağıllıdırlar və çox məntiqli, tədbirli hərəkət edirlər. Onlar avropalıların nə istədiklərini başa düşür və istəklərini bu ehtiyaclara uyğunlaşdırırlar. Bilirlər ki, deyilənlər boş sözlər, boş vədlərdir və Avropa heç nə etməyəcək”.
Bu fikri Ermənistan mediasına müsahibəsində politoloq, Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.
Erməni politoloq sual edib ki, əvvəl sanksiyaların olmayacağını deyən Emmanuel Makron da, Jozep Borrel də, Brüssel də bundan sonra Azərbaycana qarşı hansı addımlar ata bilərlər ki?
“Onlar sanksiyaların olmayacağını dedilər. Onlar qaz, neft və elektrik enerjisinə görə Azərbaycandan asılıdırlar. Əgər Avropa İttifaqı Azərbaycan və Türkiyənin mühüm tərəfdaşıdırsa və onlardan asılıdırsa, Bakı və Ankara ilə necə mübarizə aparacaq, ümumiyyətlə, bunun hansı ciddi nəticələri ola bilər ki? Məgər Avropa oraya hərbi yardım göndərəcək, yaxud sanksiyalar tətbiq edəcək? Axı onlar bütün bunları etməyəcəklərini bəyan ediblər. Təbii ki, bunlar boş sözlərdir. Gəlin, sadəcə, baxaq görək, onlar hansı ciddi addımlar atıblar”, – deyə Artur Xaçikyan fikrini tamamlayıb.
Mənbə: News.am
www.RIA24.az